İçərişəhərdə yerləşən Müasir İncəsənət Mərkəzində BUTALI brendinin “İpək incəsənəti” layihəsinin təqdimatı və eyniadlı sərginin açılışı olub. Layihə çərçivəsində müasir Azərbaycan rəssamlarının təsviri sənət əsərləri ipək yaylıqlara – kəlağayıya köçürülüb. 

Tanınmış Azərbaycan rəssamları, yaylıqlar üzərinə köçürülən rəsmlərin müəllifləri təqdimat mərasimində iştirak ediblər.

Jurnalist Tatyana İvanayevanın kurator qismində çıxış etdiyi “İpək incəsənəti” layihəsi XXI əsr Azərbaycan rəssamlarına həsr olunub. Onun əsasında bu gün əsərləri ilə Azərbaycanın mədəni irsinin unikallığını ortaya çıxaran və inkişaf etdirməyə davam edən müasir rəssamların təsviri sənət yaradıcılığının təbliği məqsədi dayanır.

Layihə səkkiz rəssamı birləşdirib. Onların arasında Əməkdar rəssamlar İrina Eldarova, Vüqar Əli, Azərbaycan Rəssamlar İttifaqının (ARİ) üzvləri Milena Nəbiyeva, Cəmilə Həşimova, İntiqam Ağayev (Asiman), Emin Qəhrəmanov, Yusif Mirzə və ARİ-nin gənclər bölməsinin üzvü Səyalı Məmmədova-Qarayeva var.

Layihəyə ümumilikdə qırx üç rəsm cəlb olunub. Üslub və icra tərzinə, rəng palitrasına və mövzusuna görə çoxşaxəli olan bu tablolar Azərbaycan təsviri sənətinin rəngarəngliyini, onun çoxçalarlılığını və Azərbaycan təbiətinin füsunkarlıqla dolu qeyri-adi mənzərəsini nümayiş etdirir.