Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkil etdiyi Xalq teatrları festivalı başa çatıb. Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinə həsr olunmuş festivalın mükafatlandırılma mərasimi noyabrın 29-da Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində (Maştağa qəsəbəsi) keçirilib.
Festivalın keçirilməsində əsas məqsəd xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrlarının, eləcədə dram dərnəklərinin işinin daha da səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi, xalq teatrlarının və dərnəklərin fəaliyyətini dövrün tələblərinə uyğun qurmaqdır.
Münsiflər heyətinin qərarına əsasən, H.Sarabski adına Mədəniyyət evinin Xalq teatrının təqdim etdiyi “Cənnətə bilet” tamaşası I yerə, H.Abbasov adına Mədəniyyət Mərkəzi “Günəşim” özfəaliyyət dram dərnəyinin “Tıq-tıq xanım və dostları” tamaşası II yerə, H.Abbasov adına Mədəniyyət Mərkəzinin Xalq teatrının “Cənnət sakinləri” və Badamdar qəsəbə Mədəniyyət evi Xalq teatrının “Zorən nikah” tamaşaları III yerə layiq görülüb.
Digər kollektivlər isə “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı musiqi tərtibatı”, “Ən yaxşı aktyor ansamblı” nominasiyaları üzrə fəxri fərmanlara və münsiflər heyətinin xüsusi diplomlarına layiq görülüblər.
Münsiflər heyətinin üzvləri – Xalq artisti Həmidə Ömərova, Əməkdar incəsənət xadimləri Əli Əmirli, Bəhram Osmanov Baş İdarənin fəxri fərmanları ilə təltif olunublar.