Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycanın parlament nümayəndə heyəti Almaniya Federativ Respublikasında səfərdədir.
Milli Məclisin sədri səfər çərçivəsində Almaniya paytaxtındakı “Gallery Berlin”də təşkil edilən “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın mədəni irsi” adlı fotosərgi ilə tanış olub.
Sahibə Qafarova Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) də olub. Parlamentin spikeri burada Azərbaycan-Almaniya Forumunun üzvləri ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Azərbaycanın sosial-iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən islahatlar, Azərbaycandakı investisiya mühiti, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işləri barədə geniş məlumat verib, həmçinin hazırda regionda mövcud olan vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına və sülh müqaviləsinin imzalanmasına dair təşəbbüsləri və digər məsələləri diqqətə çatdırıb.
Milli Məclisin sədri AMM-də təşkil olunan qəbulda da çıxış edib. Spiker qeyd edib ki, Azərbaycan beynəlxalq birliyin fəal və məsuliyyətli üzvüdür. Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, dialoq, həmrəylik və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın təşviqi Prezident İlham Əliyevin müəyyən etdiyi strateji baxışın əsas elementlərindəndir.