Prezident İlham Əliyev sammitdə iştirak edir
Noyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı – COP28 çərçivəsində Dünya İqlim Fəaliyyəti Sammiti işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak edir.
Dövlətimizin başçısı noyabrın 30-da Dubayda BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və qardaşlığa əsaslanan əlaqələrin hərtərəfli inkişafından məmnunluq ifadə olunub.
BƏƏ-nin “Masdar” şirkətinin sərmayəsi ilə bu il 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının yaradılması ölkələrimiz arasında qardaşlığın bariz nümunəsi kimi qiymətləndirilib. BƏƏ-dən olan tərəfdaşlarla imzalanmış sazişlərə uyğun olaraq, bərpaolunan enerjinin 10 qiqavata çatdırılacağı vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında yaradılmış birgə investisiya fondunun əhəmiyyəti qeyd edilib, bunun iqtisadi-ticari əlaqələrimizin və qarşılıqlı sərmayə sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi bildirilib.
SOCAR ilə Əbu-Dabi Milli Neft Şirkəti – ADNOC arasında uğurlu əməkdaşlığın və birgə layihələrdə iştirakın əhəmiyyəti vurğulanıb.
Birləşmiş Ərəb Əmirliklərinin “AD Ports Group” şirkətinin Azərbaycan ilə limanlararası, gəmiçilik, nəqliyyat, logistika sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, Orta Dəhliz istiqamətində nəqliyyat-logistika sahəsində tərəfdaşlığın böyük perspektivlərinin olduğu qeyd edilib.
Dövlətimizin başçısı BƏƏ Prezidentini Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub. Görüşdə regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı (COP28) dekabrın 12-dək davam edəcək. Azərbaycan nümayəndə heyətinin də qatıldığı konfrans çərçivəsində iqlim dəyişmələrinə təsirlərin azaldılması, iqlim risklərinə dayanıqlılıq və uyğunlaşma məsələləri üzrə digər mövzuların müzakirəsi və qərarların qəbul edilməsi nəzərdə tutulur.