Tanınmış jurnalist, pedaqoq, Əməkdar jurnalist, professor Yalçın Əlizadə 2 dekabr 2023-cü il tarixində, ömrünün 83-cü ilində vəfat edib.

Yalçın Mustafa oğlu Əlizadə 1940-cı il yanvarın 17-də Gəncə şəhərində dünyaya göz açıb. 1957-ci ildə Bakıdakı 132 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsinə qəbul olunub. 1962-ci ildə təhsilini başa vurub Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində əmək fəaliyyətinə başlayıb. 1971-ci ildən müəllimi, mərhum professor Şirməmməd Hüseynovun dəvəti ilə taleyini universitetin Jurnalistika fakültəsində pedaqoji fəaliyyətə həsr edib. 1974 – 1981-ci illərdə BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

Y.Əlizadə ölkəmizdə ilk dəfə Azərbaycan radiosunun tarixini araşdırıb, tanınmış televiziya nəzəriyyəçisi, Moskva Dövlət Universitetində Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor, həmyerlimiz Ənvər Bağırovun rəhbərliyi altında "Azərbaycanda radio-jurnalistikanın təşəkkülü və inkişafı" mövzusunda namizədlik (fəlsəfə doktoru) dissertasiyası müdafiə edib. BDU-nun Jurnalistika fakültəsində yeni yaradılmış Televiziya, radio jurnalistikası və tərcümə kafedrasının müdiri olub. 1999 – 2012-ci illərdə Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin dekanı vəzifəsində işləyib.

Onun təkcə televiziya və radio-jurnalistikanın aktual problemlərinə dair 100-ə yaxın elmi məqaləsi, iki dərsliyi, üç sənədli publisist kitabı işıq üzü görüb.

Alimin təşəbbüsü ilə “Azərnəşr”də Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının filialı, fakültədə isə Jurnalistika Araşdırma Mərkəzi yaradılıb.

Y.Əlizadə 1989-cu ildə “Əməkdar jurnalist” fəxri adı, 2000-ci ildə “Tərəqqi” medalı və 2019-cu ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin.