2-4 dekabr tarixlərində ölkəmizdə Qazaxıstan mədəniyyəti günləri keçirilir.
Dekabrın 2-də Beynəlxalq Muğam Mərkəzində mədəniyyət günlərinin açılışı olub. Qazaxıstanın “HasSak” etno-folklor ansamblının solo konserti keçirilib.
Açılış mərasimində diplomatik korpusun nümayəndələri, Mədəniyyət Nazirliyinin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edib.
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel çıxış edərək iki ölkə arasında mədəni əlaqələrin qədim tarixə malik olduğunu deyib. Bildirilib ki, türksoylu Azərbaycan və qazax xalqlarını ortaq mədəniyyət birləşdirir.
Diplomat mədəniyyət günlərinin iki ölkə arasında münasibətlərin bir göstəricisi olduğunu deyib, tədbirin proqramı barədə məlumat verib.
Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov qeyd edib ki, iki ölkə arasında əlaqələr, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də inkişaf edib. Bu sahədə münasibətlərin daha da dərinləşdirilməsi vacibdir.
Çıxışlardan sonra “HasSak” etno-folklor ansamblının konserti təqdim edilib. Beş üzvdən ibarət ansambl qazax milli musiqi alətlərində yüksək performans nümayiş etdirib. 30 milli alətdə ifa edən ansambl eyni zamanda milli kukla teatrı ənənələrindən istifadə edərək tamaşaçıların alqışını qazanıb.
Qeyd edək ki, 2013-cü ildə yaradılan ansambl ötən illər ərzində xalq musiqisi sahəsində bir çox nüfuzlu beynəlxalq mükafata layiq görülüb. Ansambl “Etnik musiqi” nominasiyası üzrə “World folk vision” beynəlxalq müsabiqəsinin Qran-pri, “Central Asia Got Talent” beynəlxalq istedad müsabiqəsinin “Qızıl düymə” mükafatlarının sahibidir.
Xatırladaq ki, mədəniyyət günləri çərçivəsində dekabrın 3-də Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı "Qaragöz" tamaşası ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edəcək.
Dekabrın 4-də Heydər Əliyev Mərkəzində Qazaxıstan təsviri sənət sərgisi açılacaq, dost ölkənin incəsənət ustalarının qala-konserti keçiriləcək.
Lalə Azəri