Dekabrın 4-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İspaniyanın məşhur memarları və memarlıq şirkətlərinin rəhbərləri ilə görüş keçirilib. İspaniyalı heyət “F-Holding”in təşkilatçılığı ilə Azərbaycana gəlib.

Görüşdə AzMİU ilə “F-Holding” arasında anlaşma memorandumu imzalanıb, bir sıra istiqamətlər üzrə də əməkdaşlıq məsələləri müzakirə olunub.

Memorandumu AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və “F-Holding”in direktoru Fərid Mustafayev imzalayıblar.

Rektor Gülçöhrə Məmmədova universitetdə aparılan tədris prosesi, fakültələr, ixtisaslar, akademik heyət, beynəlxalq əməkdaşlıq əlaqələri, ikili diplom proqramları və mübadilə proqramlarından danışıb.

AzMİU-nun memarlıq və dizayn sahələrində İtaliya, İspaniya, Fransa, Türkiyə və digər ölkələrin nüfuzlu universitetlərilə qurulan əməkdaşlıq əlaqələrinə toxunan rektor bununla paralel olaraq istehsalat müəssisələri ilə tərəfdaşlığın önəminə diqqət çəkib: “AzMİU bir çox sahələrdə istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələri qurub. Qurulan bu əlaqələrin başlıca magistral istiqaməti isə təhsilin keyfiyyətinin artırılmasıdır. Biz çalışırıq ki, tələbələrimiz praktik təcrübə qazansınlar. İspan memarların gələcəyə yönəlik binaların layihələndirilməsi sahəsində zəngin təcrübəsi var. Əminəm ki, onların təcrübəsindən bizim tələbələr faydalana biləcəklər”.

“F-Holding”in təsisçisi Fərid Mustafayev memorandumun Azərbaycan memarlarının xaricdə, xarici memarların isə Azərbaycanda fəaliyyətinə şərait yaradacağını vurğulayıb. Bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparılır. Bu işlərə töhfə vermək üçün yüksək bilik və bacarıqlara malik memarlar yetişdirmək lazımdır.

Fərid Mustafayev AzMİU-nun yataqxana kompleksi ilə bağlı məsləyə də toxunub. Şirkət rəhbəri qeyd edib ki, “F-Holding” yataqxananın təmir işlərini öhdələrinə götürür və gələn ildən etibarən təmir-bərpa işlərinə başlamaq mümkündür.

AzMİU-nun kafedra müdiri, Azərbaycan Memarlar İttifaqının sədri professor Elbay Qasımzadə qeyd edib ki, bu gün Azərbaycanda şəhərsalma və memarlıq sahəsində əsl dönüş yaranıb. Xüsusilə işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda infrastruktur tamamilə yenilənir. Bütün bu işlər bizim qarşımızda daha böyük vəzifələr qoyur. Bu baxımdan uğurlu beynəlxalq təcrübənin tədrisə daha intensiv tətbiqi müsbət nəticələrə yol açacaq.

Səmimi qarşılanmaya görə minnətdarlıq edən ispaniyalı qonaqlar da AzMİU-nun memarlıq ixtisası üzrə tədris aparan akademik heyəti və tələbələrlə öz müasir memarlıq təcrübələrini bölüşməkdən məmnun olacaqlarını bildiriblər.