Azərbaycanın Latviyadakı Səfirliyi dekabrın 3-də Riqa şəhərində keçirilən ənənəvi beynəlxalq xeyriyyə yarmarkasında iştirak edib.
Səfirlikdən bildiriblər ki, Riqa Beynəlxalq Qadınlar Klubu tərəfindən keçirilən tədbirdə Latviyadakı diplomatik nümayəndəliklər, eləcə də yerli qurumlar təmsil olunub.
Azərbaycan stendində mədəniyyətimizi və tariximizi əks etdirən suvenirlər, milli geyimlər nümayiş olunub, ölkəmizə aid müxtəlif nəşrlər sərgilənib və paylanılıb. Eyni zamanda Azərbaycan istehsalı olan məhsullar, milli mətbəximizin təamları və UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilən kəlağayı sənətimizin nümunələri təqdim olunub. Həmçinin Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib.
Latviyanın sabiq dövlət başçısı Raymonds Veyonis və digər qonaqlar Azərbaycan stendini ziyarət ediblər.