AMEA-nın Tarix və Etnologiya İnstitutunda “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda konfrans keçirilib.
İnstitutdan bildirilib ki, konfransı açan icraçı direktor tarix elmləri doktoru İlqar Niftəliyev “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.
Konfransda tarix elmləri doktoru Ədalət Şükürovun “Heydər Əliyev – 100: müasir Azərbaycan dövlətinin banisi və memarı” mövzusunda məruzəsi dinlənilib. Vurğulanıb ki, bu gün xalqımız Heydər Əliyev siyasətinin bəhrələrini görür. Prezident İlham Əliyev bu siyasəti qətiyyətlə davam etdirir.
Bildirilib ki, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Bu ilin sentyabr ayında 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində ölkəmizin tarixi əraziləri üzərində suverenliyi tam təmin edilib.
Tədbirdə tarixçi alimlərdən Leyla Hüseynovanın “Heydər Əliyev və azərbaycançılıq ideyası”, Nigar Axundovanın “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, Tamilla Kərimova-Kocayevanın “Heydər Əliyev və müasir Azərbaycan elminin inkişaf istiqamətləri” və Günel Aslanlının “Heydər Əliyev və qadın siyasəti” mövzularında məruzələri dinlənilib.