Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Biləsuvar rayonundakı mədəniyyət müəssisələri arasında intellektual yarış keçirilib.

Rayon Mədəniyyət Mərkəzinin “eMeM” komandası I, rayon Heydər Əliyev Mərkəzinin “Lider” komandası II, Biləsuvar Dövlət Rəsm Qalereyasının “Zərif əllər” komandası isə III yeri qazanıb. Qalib komandalar diplomla mükafatlandırılıb.

***

Astara Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev və Azərbaycan” mövzusunda tədbir keçirilib. Əvvəlcə Ulu öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında iştirakçılara məlumat veriblər. Sonda şagirdlərlə fikir mübadiləsi aparılıb.

Masallı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyevin həyatı müasir gəncliyin gözü ilə” mövzusunda dəyirmi masa təşkil edilib. Qeyd olunub ki, ölkəmizdə gənclər siyasətinin əsası Ümummilli lider tərəfindən qoyulub və uğurla davam etdirilir. Bu qayğının nəticəsi olaraq Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında fəallıq göstərirlər. Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

Masallı Tarix-Diyarşünaslıq Muzeyi, rayon İcra Hakimiyyəti, Mərkəzi Kitabxana, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara Regional nümayəndəliyi Masallı bölməsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev siyasəti, onun siyasi irsi xalqımızın milli sərvəridir” mövzusunda tədbir keçirilib. Sonda iştirakçılar muzeyə ekskursiya ediblər.

Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Dahi azərbaycanlı” adlı tədbir təşkil olunub. Çıxış edənlər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanı məhv olma təhlükəsindən xilas etməsi, həmin ildən etibarən ölkəmizin keçdiyi inkişaf yolu, qazandığı uğurları ilə bağlı məlumat verilib. Sonra Ümummilli liderə həsr olunan “Dahi şəxsiyyət” sənədli filmi nümayiş etdirilib.

***

Şamaxı rayon Əfzələddin Xaqani adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Mədrəsə qəsəbə klubu və Şamaxı rayon Elxan Rzayev adına Mədrəsə qəsəbə tam orta məktəbin birgə təşkilatçılığı ilə “Tarix yaradan şəxsiyyət” adlı tədbir keçirilib. Tədbirdə Şamaxı rayon mədəniyyət müəssisələrinin əməkdaşları, qəsəbə tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Kəlbəcər rayon MKS-nin (Gəncə şəhəri) Oxuculara xidmət şöbəsində “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda tədbir təşkil edilib. Bildirilib ki, Azərbaycan gənclərinin müasir, inkişaf edən, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin gənclər siyasətinin mühüm rolu var.

***

Mil-Muğan RMİ-nin elan etdiyi “Yolumuz Heydər yoludur: Sabirabaddan Beyləqana” adlı layihənin ilk tədbiri Saatlı rayonunda keçirilib. Saatlı rayon Heydər Əliyev Mərkəzində gerçəkləşən tədbirdə Uşaq İncəsənət Festivalında uğur qazanmış yeniyetmə və gənclərə Ulu öndərin siyasi irsi barədə məlumat verilib. Tədbirin bədii hissəsində təqdim olunan müxtəlif musiqi nömrələri və rəqslər, eləcə də rəsm sərgisi,  tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

***

Qazax şəhər 1 nömrəli Uşaq musiqi məktəbi və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Ulu öndərin dövlətçilik irsi və Azərbaycan gəncliyi” adlı rəsm sərgisi və konsert proqramı keçirilib. Sərgidə qalereyada fəaliyyət göstərən dərnəyin üzvləri tərəfindən “Heydər Əliyev İli” münasibətilə ərsəyə gətirdikləri rəsmlər yer alıb. Tədbirdə musiqi məktəbi şagirdlərinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

Şəmkir rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi Ə.Cavad adına Mədəniyyət Mərkəzində “Ürəklərdə yaşayan əbədi lider” başlığı altında sərgi təşkil edib. Sərgidə Ulu öndər haqqında görkəmli şəxslərin fikirləri, Heydər Əliyevin siyasi irsi, onun Azərbaycan mədəniyyəti və elminin inkişafına diqqət və qayğısı barədə kitablar nümayiş olunub.

Şəmkir rayon MKS-nin 1 saylı şəhər kitabxana filialı N.Nərimanov adına şəhər tam orta məktəbində “Elm və təhsilin inkişafında Heydər Əliyevin rolu” adlı informasiya saatı keçirib.

Hazırladı: N.Məmmədli