Dekabrın 10-da Şuşa Hotel-Konqres Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına uyğun olaraq gerçəkləşib.

Xatırladaq ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdi.

Bağlanış mərasimində rəsmi şəxslər, ölkəmizdən və türk dövlətlərindən mədəniyyət və incəsənət xadimləri, digər qonaqlar iştirak ediblər.

Əvvəlcə qonaqlar Türk dünyası rəssamlarının Şuşa sərgisi ilə tanış olublar.

Açılış nitqi söyləyən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvafiq sərəncam imzalanıb. Sərəncama uyğun olaraq, geniş tədbirlər planı hazırlanıb. "Paytaxt ili" çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, TÜRKSOY, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və digər qurumların dəstəyi ilə Şuşada, ölkəmizin müxtəlif guşələrində, eləcə də xaricdə silsilə tədbirlər keçirilib: "Bu tədbirlər Şuşanın mədəniyyət incisi kimi tanıdılması və təbliğinə xidmət etməklə yanaşı, dünyanın müxtəlif bölgələrində yaşayan türk xalqlarının ortaq dəyər və ənənələrini bölüşdüyü mədəniyyət platforması rolunu oynayıb. İl ərzində həyata keçirilən fəaliyyətləri təhlil edərkən həm TÜRKSOY təşkilatının instusional təkmilləşməsi, həm də türk dövlətləri arasında mədəniyyət əlaqələrinin inkişafı baxımından bir sıra irəliləyişlərə nail olunduğunu deyə bilərik. Belə ki, Azərbaycanın ənənəvi keçirilən “Korkut Ata” Türk Dünyası Beynəlxalq Film Festivalı, TÜRKSOY üzv dövlətlərin Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı toplantısı və Türk Dünyası Muzeylər Görüşünə ev sahibliyi etməsi ilə yanaşı, ilk dəfə gerçəkləşən TÜRKSOY Beynəlxalq Teatr Festivalı və Türk Dünyası Mədəniyyət Forumu dövlət başçıları tərəfindən mədəni əməkdaşlıq sahəsində qarşımıza qoyulan tapşırıqların uğurla həyata keçirilməsində mühüm rol oynayıb. Türk Dövlətləri Təşkilatının Astana şəhərində keçirilən 10-cu Zirvə görüşü zamanı dövlət başçılarımız mühüm platforma kimi I Türk Dünyası Mədəniyyət Forumunun uğurlu olduğunu və forumun mütəmadi təşkilini məqsədəuyğun hesab etdiklərini bildiriblər. Əminik ki, dost və qardaş dövlətlərimiz Türk Dünyası Mədəniyyət Forumuna növbəlilik prinsipi ilə ev sahibliyi edəcək, layihənin davamlı təşkilinə dəstək olacaqlar. Bu forum bizim ən əhəmiyyətli ortaq platformalarımızdan birinə çevriləcək".

Nazir deyib ki, bu il Türk dünyası üçün digər əlamətdar hadisələrdən biri Azərbaycan xalqının Ümummilli liderinin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsidir. Bu tarixi hadisə Azərbaycanda və Türk dünyasında böyük təntənə ilə qeyd olunur. Çünki Ulu öndərin fəaliyyətində Türk dünyası ilə əlaqələrin gücləndirilməsi hər zaman xüsusi yer tutub: "Qardaş türk ölkələri arasında yaradılan ilk beynəlxalq qurum kimi TÜRKSOY ümumtürk mədəni irsinin mühafizə olunması, gələcək nəsillərə çatdırılması və dünyaya tanıdılması işində önəmli xidmətlər göstərib. Təşkilatla əməkdaşlıq münasibətlərimiz hazırda ən yüksək səviyyədədir və Mədəniyyət Nazirliyi olaraq TÜRKSOY-un fəaliyyətinə dəstəyimiz bundan sonra da davam edəcək".

Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz 44 günlük Vətən müharibəsi və bu il keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində suverenliyimiz bərpa olunub: "30 ilə yaxın işğal altında qalan və viran edilən torpaqlarımız Qarabağ və Şərqi Zəngəzura artıq həyat qayıdır. Dövlət başçısının qayğısı və diqqəti ilə tarixi-mədəni abidələr bərpa olunur, genişmiqyaslı tikinti işləri aparılır. Azərbaycan mədəniyyətinin böyük himayədarı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Şuşada müxtəlif yerli və beynəlxalq mədəni tədbirlər keçirilir, mədəni irsin qorunmasına müstəsna töhfələr verilir. Bir sözlə, Şuşanın ənənəvi mədəni mühiti yenidən dirçəlir. Mötəbər beynəlxalq tədbirlərə evsahibliyi etməklə yanaşı, Şuşanın tarixi və mədəniyyətinin ölkə xaricində təbliği istiqamətində genişmiqyaslı işlər aparılır və bir sıra layihələr həyata keçirilir".

Nazir diqqətə çatdırıb ki, bu il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı qərar qəbul olunub. "Bu qərar İslam mədəniyyətinin zənginliklərini özündə dolğun şəkildə təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir. Bu baxımdan, növbəti ildə keçiriləcək tədbirlərlə İslam dünyası Şuşa şəhərində toplanacaq və müsəlman aləminin qəlbi bu şəhərdə döyünəcək", - deyə Adil Kərimli əlavə edib.

Nazir çıxışının sonunda “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində tədbirlərin yüksək səviyyədə təşkilinə və töhfələrinə görə Heydər Əliyev Fonduna, Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda Xüsusi Nümayəndəliyinə, TÜRKSOY Katibliyinə, əlaqədar qurumlara və əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

2024-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" estafetini təhvil alması müasibətilə Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradovu təbrik edən Adil Kərimli yeni "paytaxt" Anev şəhərində keçiriləcək tədbirlərdə uğurlar arzulayıb.

Nazir Atageldi Şamıradov 2024-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilən Anev şəhərində keçiriləcək tədbirlər haqqında məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin böyük şərəf və qürurverici hadisə olduğunu bildirib. Dövlətimiz tərəfindən Şuşada həyata keçirilən bərpa-quruculuq işləri haqqında danışan Aydın Kərimov şəhərdə mədəni infrastrukturun yaradılmasının da diqqətdə saxlanıldığını söyləyib.

Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı qonaqlara qurumun baş katibi Sultan Raevin salamlarını çatdırıb, onun çıxış mətnini səsləndirib.

Tədbir çərçivəsində nümayiş olunan Türk dünyası rəssamlarının sərgisi haqqında məlumat verən E.Qafarlı sərgidə yer alan 12 rəssamın əsərinin Şuşaya hədiyyə ediləcəyini vurğulayıb.

Sonra "Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində keçirilən tədbirlər haqqında videoçarx nümayiş etdirilib.

2023-cü il üzrə TÜRKSOY Media Mükafatı və TÜRKSOY-un xüsusi mükafatının təqdimatı olub.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, "Ədəbiyyat və incəsənət” xəbər portalının baş redaktoru Varis Yolçuyev (Azərbaycan), "AIQYN" qəzetinin baş redaktoru Amangəldi Kurmet, "Xabar 24" televiziyasının müxbiri Merüyert Pambetova (hər ikisi Qazaxıstan), Qırğızıstan Respublikası Milli Televiziya və Radio Şirkətinin (UTRK) müdiri Bolotbek Tillebayev, "AKİPress" İnformasiya Agentliyinin baş redaktoru Alina Sagınbayeva (Qırğızıstan), Özbəkistanda nəşr olunan “Mədəniyyət” qəzetinin baş redaktoru Dilbahor Hudayberdiyeva, "Özbəkistan 24” televiziyasının müdir müavini Şunkor Choriyev, yazıçı və televiziya icmalçısı Mesut Hakkı Caşın, televiziya proqram müəllifi və aparıcısı Pelin Çift, "Esrarengiz Azərbaycan" proqramın müəllifi və aparıcısı Esra Gezginci (hər üçü Türkiyə) və başqaları təşkilatın mükafatına layiq görülüb.

Mədəniyyət naziri Adil Kərimli Türk Dünyası Mədəniyyət Nazirləri Daimi Şurasının dövri sədrliyinin simvolunu Türkmənistan mədəniyyət naziri Atageldi Şamıradova təqdim edib.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov tərəfindən 2024-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı"nın estafetinin Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülməsini bildirən simvol Anevin bələdiyyə sədri Rövşən Cumayevə təqdim olunub.

"Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı" ilinin uğurlu yekunları münasibətilə TÜRKSOY tərəfindən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimova sertifikat verilib.

Tədbir iştirakçıları Türkmənistanın Anev şəhəri ilə bağlı videoçarxı izləyiblər.

Azərbaycan, Türkmənistan və Özbəkistandan olan incəsənət ustalarının və gənc istedadların iştirakı ilə konsert proqramı təqdim edilib.

Sonda ailə fotosu çəkdirilib.

Qeyd edək ki, TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə türkdilli ölkə başçılarının İstanbulda keçirilən sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir. Ötən illərdə Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan – RF), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan; pandemiya ilə bağlı bu şəhərdə tədbirlər 2021-ci ildə keçirilib) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” olub. Şuşa Türk dünyasından bu missiyanı qəbul edən 11-ci şəhər idi.

Nurəddin Məmmədli