ICESCO bu istiqamətdə təşəbbüsünü davam etdirəcək

 

Xəbər verdiyimiz kimi, 30 noyabr – 12 dekabr tarixlərində Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı – COP28 çərçivəsində çoxsaylı tədbirlər keçirilib. 

Dekabrın 8-də 20-dən çox ölkədən mədəniyyət və irs sektorundan nazirlər və rəsmilərin, müvafiq beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə Dubayda İqlim Dəyişikliyi üzrə sammitdə (COP28) iqlim fəaliyyətində mədəniyyət sektorunun oynadığı əsas rolu müzakirə etmək və mədəniyyətin iqlim fəaliyyətinə inteqrasiyasını nəzərdən keçirmək üçün geniş diskussiya aparılıb.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim əl-Malik tədbirdəki çıxışında ekoloji təhlükələr, iqlim dəyişiklikləri də daxil olmaqla və artan təbiət çağırışları nəzərə alınmaqla mədəniyyətin və bəşər irsinin qorunmasının prioritet olduğunu vurğulayıb. O, ICESCO tərəfindən mədəniyyətin 18-ci SDG (Davamlı İnkişaf Məqsədi) kimi qəbul edilməsi təklifinin irəli sürüldüyünü qeyd edib.

Baş direktor həmçinin təşkilatın mədəniyyət obyektlərinin və mədəni irsin qorunması üzrə təşəbbüslərini və səylərini vurğulayıb, ICESCO-nun iqlim dəyişikliyinin irs obyektlərinə təsiri ilə mübarizə üçün fond yaratmaq təşəbbüsü irəli sürdüyünü qeyd edib. Təşəbbüs bundan öncə Misirin Şarm əl-Şeyx şəhərində keçirilən COP27-də nazirlər toplantısında “Mədəniyyətə əsaslanan İqlim Fəaliyyəti” haqqında bəyannamənin qəbulu ilə bəyənilib.

Salim əl-Malik bildirib ki, təşəbbüs bundan sonra “Mədəniyyət üzrə İqlim Fəaliyyətinin Dostları” qrupu formatında davam etdiriləcək. O, ICESCO-nun bəşər irsinin qorunması üçün bu çərçivədə daim fəal tərəfdaş olacağını vurğulayıb.