Keçən il Serbiyaya rəsmi səfər etmişdim. Ondan bir ay sonra Prezident Vuçiç Azərbaycana səfər etmişdir. Bu gün yenə də sizin gözəl ölkənizdəyəm. Bu, bir daha onu göstərir ki, Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Biz strateji tərəfdaşıq, çünki strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk.

Prezident İlham Əliyev bu sözləri dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı layihənin həm Serbiya və Bolqarıstan üçün, həm də Azərbaycan üçün əhəmiyyətini vurğulayıb: “Bugünkü mərasim dostluq mərasimidir, strateji tərəfdaşlıq mərasimidir. Bu, Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir. Eyni zamanda Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda biz təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim – interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcəkdir”.

Prezident diqqətə çatdırıb ki, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə anlaşma memorandumu imzalanıb. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır: “Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir”.

“Bizim çox genişmiqyaslı başqa planlarımız var” deyən İlham Əliyev vurğulayıb ki, Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib edib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir.

Prezident daha sonra deyib: “Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri – bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və bizim gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir”.

Dövlət başçısı bu günlərdə Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı – COP28 çərçivəsində Serbiya və Bolqarıstanın ölkəmizə verdiyi dəstəyin də tərəfdaşlığın nümunəsi olduğunu deyib. Diqqətə çatdırıb ki, hər iki ölkə, eləcə də Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının gələn il Bakıda keçirilməsinə razılıq veriblər: “Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq, Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcəkdir”.

Mərasimdə çıxış edən Bolqarıstan Prezidenti Rumen Radev bu il oktyabrın 1-də azərbaycanlı və serbiyalı həmkarlarının iştirakı ilə Yunanıstan və Bolqarıstan arasında interkonnektorun da istifadəyə verildiyini xatırladaraq bildirib ki, bu layihə sayəsində Bolqarıstan, nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi: “Bizim on il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan, nə də Azərbaycandan qaz qəbul edə bilirdik. Mən Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır...”.

Serbiyanın mədən və energetika naziri xanım Dubravka Djedoviç Handanoviç də uzun illər bundan əvvəl planlaşdırılan layihənin həyata keçirilməsində Azərbaycanın rolunu vurğulayaraq ölkəmizə minnətdarlığını bildirib.

Avropa İttifaqının Serbiyadakı daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre də layihənin əhəmiyyətini vurğulayıb: “Biz Bolqarıstanı Serbiya ilə, Serbiyanı Avropa İttifaqı ilə birləşdiririk. Bu baxımdan bu infrastruktur Serbiya və Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir”.