Dekabrın 12-də М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş konsert keçirilib.

Bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətində solistlər – Xalq artistləri Gülnaz İsmayılova (soprano), Samir Cəfərov (tenor), Əməkdar artist Ramil Qasımov (tenor) və Emin İsmayılov (tenor) çıxış ediblər.

Xatirə gecəsində A.Əlizadənin 4 saylı simfoniya (final), Q.Qarayevin “Yeddi gözəl” baletindən “Adagio”, Ü.Hacıbəylinin “Sənsiz” romansı, S.Hacıbəyovun “Karvan” simfonik lövhəsi, A.Zeynallının “Ölkəm” romansı, A.Məlikovun “Məhəbbət əfsanəsi” baletindən “Noktürn”, S.Əliyevanın “Ana”, F.Bədəlbəylinin “Ave Mariya” və F.Əmirovun “Azərbaycan kapriççiosu” əsərləri səsləndirilib.

Azərbaycan mədəniyyətinin böyük himayədarı olmuş Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi kimi səslənən əsərlər alqışlarla qarşılanıb.