Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Kukla Teatrı 11-16 dekabr tarixlərində keçirilən XX Beynəlxalq Bursa Qaragöz Kukla və Kölgə Oyunları Festivalında iştirak edib.

Dekabrın 14-də teatrın heyəti festivalda “Məlikməmməd” tamaşasını nümayiş etdirib. Barış Manco Mədəniyyət Mərkəzində göstərilən səhnə əsəri böyük marağa səbəb olub.  Seyrçi istəyini nəzərə alan kuklaçılarımız tamaşanı iki seans oynayıblar.

Nümayişdən sonra teatrın direktoru – Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) Azərbaycan milli mərkəzinin rəhbəri Rəşad Əhmədzadə həmkarı, qurumun Türkiyə təmsilçisi Enis Ergünlə görüşüb.

Teatrdan bildirilib ki, görüşdə qarşılıqlı səfərlərin, ustad dərslərinin təşkili, eləcə də kukla sənəti üzrə mübadilə istiqamətində əməkdaşlıq barədə söhbət aparılıb.

Tədbir çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrı heyətinin festivalın direktoru,  Bursa Mədəniyyət, İncəsənət və Turizm Vəqfinin baş katibi Fehim Ferik ilə görüşü də keçirilib.

Azərbaycanlı kuklaçıların çıxışını yüksək qiymətləndirən festival direktoru yaradıcı heyətin peşəkarlığı və onlara olan tamaşaçı heyranlığından danışıb. Rəşad Əhmədzadə milli kukla sənətimiz, onun tarixi və Azərbaycanda olan kukla teatrları barədə ətraflı məlumat verib.

Görüşdə növbəti il Bursada keçiriləcək mədəniyyət tədbirlərinə dəvət məsələləri də müzakirə olunub.

Qeyd edək ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Bursa Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə bu il 20-ci dəfə təşkil olunan festival Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 30 illiyi münasibətilə türkdilli ölkələri bir araya gətirib.