Sabirabad rayon Mədəniyyət Mərkəzinin çoxfunksiyalı mərkəzə çevrilməsi istiqamətində Mədəniyyət Nazirliyinin müvafiq tapşırıq və tövsiyələri əsasında Mil-Muğan Regional Mədəniyyət İdarəsi (RMİ) tərəfindən bir sıra layihələr həyata keçirilir. Həmin layihələr çərçivəsində mərkəzdə “Hophopnamə” kitab mərkəzi, əməkdaşların yeni təlim mərkəzi, rəsm və rəqs studiyaları yaradılıb. Layihə mədəniyyət sahəsində dövlət-özəl sektorları arasında əməkdaşlığın nəticəsidir.

Azərbaycanın böyük satirik şairi Mirzə Ələkbər Sabir (1862–1911) bütün yaradıcılığı ilə  xalqının maariflənməsi, mədəni inkişafı uğrunda, cəhalətə, elmsizliyə qarşı mübarizə aparıb. Sabirin xatirəsi hər zaman uca tutulub, adına küçə, məktəb, kitabxana, rayon və s. verilib. Mil-Muğan RMİ üzrə ilk çoxfunksiyalı kitab mərkəzinin şairin adını daşıdığı rayonda yaradılması da əlamətdar hadisədir.

Dekabrın 15-də Sabirabad rayon Mədəniyyət Mərkəzində “Hophopnamə” kitab mərkəzinin açılış mərasimi keçirildi. Mərasimdə rəsmilər, yazarlar, mədəniyyət xadimləri, regionda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və digər qonaqlar iştirak edirdilər.

Əvvəlcə qonaqlar “Hophopnamə” kitab mərkəzi, eyni zamanda əməkdaşların yeni təlim mərkəzi, rəsm və rəqs studiyaları ilə tanış oldular.

Qonaqlara mərkəzin fəaliyyəti ilə bağlı məlumat verildi. Bildirildi ki, Ümummilli lider Heydər Əliyevin mədəniyyətə, kitaba və mütaliə mədəniyyətinin inkişafına olan diqqət və qayğısı nəzərə alınaraq Ulu öndərin 100 illik yubileyinə töhfə kimi yaradılmış “Hophopnamə” mərkəzi respublikada ilk çoxfunksiyalı müasir kitab mərkəzidir. Burada ilkin mərhələdə “Hədəf”, “Qanun”, “Parlaq imzalar”, “Libra”, “Everest”, “Qədim qala”, “MİMTA” və “RM” nəşriyyatlarının stendləri qurulub, onların çap etdiyi kitablar yer alıb. Həmçinin regionda fəaliyyət göstərən sənətkarların əl işlərindən ibarət stendlər mövcuddur.

Qeyd olundu ki, yeni kitab mərkəzi regionda əhaliyə göstərilən mədəni xidmətlərin keyfiyyət göstəricilərinin yüksəldilməsində əhəmiyyətli rol oynayacaq. Mərkəzdə müxtəlif ədəbi-bədii gecələr, kitab təqdimatları, tanınmış yazıçı, şair, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər keçiriləcək, ustad dərsləri və oxu günləri təşkil ediləcək.

Mərasimdə çıxış edən Sabirabad rayonunun icra başçısı Siraqəddin Cabbarov mütaliə mədəniyyətinin yüksəldilməsi, yeniyetmə və gənclərdə mədəniyyət və incəsənətə marağın artırılması baxımından “Hophopnamə” mərkəzinin əhəmiyyətini yüksək qiymətləndirdi.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov yeni mərkəzin açılışı münasibətilə rayon ictimaiyyətini təbrik edərək dedi: “Ulu öndər Heydər Əliyev kitaba və mütaliəyə hər zaman xüsusi diqqət göstərib. Məhz dahi liderin 100 illik yubileyi münasibətilə bu mərkəzin açılması böyük əhəmiyyət daşıyır. Ümid edirəm ki, yeni mərkəz kitabsevərlərin ürəyincə olacaq”.

Yazıçı-publisist Şərif Ağayar, “Parlaq imzalar” nəşriyyatının rəhbəri Nurman Tariq, “Kulis.az”ın baş redaktoru Ulucay Akif və Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza çıxışlarında regionda çoxfunksiyalı mədəniyyət mərkəzinin yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndirdilər.

Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı “Hophopnamə” kitab mərkəzinin yaradılmasına dəstək göstərən qurumlara təşəkkürünü bildirdi.

Bədii hissədə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən Uşaq İncəsənət Festivalında Mil-Muğan RMİ üzrə uğurla iştirak etmiş uşaqlar tərəfindən konsert proqramı təqdim edildi.

Nurəddin