Qax Dövlət Kukla Teatrı Yeni il bayramı günlərində uşaqlara “Yeni ili oğurlayan Qrinç” adlı əyləncəli tamaşa-kompozisiya təqdim edəcək.

Bu barədə teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov məlumat verib.

Tamaşanın rejissoru İlmar Abdullayev, quruluşçu rəssamı Fidan Səbrili, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Rolları Aynurə Abbasova, Azər Kərimov, Cəbrayıl Quluşov, Elnarə Razıyeva, Elnurə Əliyeva, Məlahət Məmmədova, Afət Yaqubova ifa edirlər.

Xüsusi proqram əsasında hazırlanmış tamaşanın əvvəlində Yeni ilin personajları Şaxta baba və Qar qız uşaqları bayram münasibətilə təbrik edəcək, onlarla birgə rəqs edib əylənəcəklər. Hazırda tamaşanın məşqləri davam edir.

Teatrda 2023-cü ilin repertuar planına daxil edilən Əzizə Əhmədovanın “Necə boz ayı, aldı ev payı” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın məşqləri isə artıq başa çatmaq üzrədir və dekabrın 26-da tamaşaya ictimai baxış keçiriləcək. Tamaşanın quruluşçu rejissoru Yusif Abdurahmanov, rəssamı Fidan Səbrili, musiqi tərtibatçısı Nicatı Fətəliyevdir. Bu tamaşanın da bayram günlərində uşaqlara təqdim edilməsi nəzərdə tutulur.

Teatrda Yeni il şənlikləri dekabrın 28-dən 30-dək və yanvarın 2-dən 6-dək davam edəcək.