Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə "Heydər Əliyev İli" və Azərbaycan peşəkar teatrının yaranmasının 150 illiyi münasibətilə teatrların qastrol səfərləri davam edir.
Bu ilin mart ayından həyata keçirilən aksiya çərçivəsində Sumqayıt Dövlət Dram Teatrı dekabrın 14-də məşhur türk ədibi Əziz Nesinin "Öldür məni, can-ciyər" əsəri əsasında hazırlanmış eyniadlı komediya ilə Qusar şəhərində qastrol səfərində olub.
Məişət mövzulu tragikomik hadisələrlə zəngin birhissəli tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Nabat Səmədova, musiqi tərtibatçısı Anar Süleymanovdur. Səhnə əsərində rolları Əməkdar artistlər İlahə Səfərova, Növrəstə Həşimova və aktyor Mətləb Səfərli ifa ediblər.
Maraqla qarşılanan nümayişin ardınca səhnəyə çıxan F.Məhərrəmov xoş münasibətə görə qusarlılara təşəkkürünü bildirib, yeni yaradıcılıq əlaqələrinin qurulması baxımından bu kimi qarşılıqlı qastrol səfərlərinin böyük əhəmiyyətə malik olduğunu deyib, yaradılan şəraitə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.