Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu” adlı III beynəlxalq elmi-praktik konfrans keçirilib.

BMA-dan bildirilib ki, konfransda Azərbaycan, Rusiya, Türkiyə, Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Çindən tanınmış alimlər iştirak ediblər. Qarışıq formatda keçirilən tədbir müxtəlif ölkələrdən 30-dan çox iştirakçını bir araya gətirib. Məruzələri seçim əsasında üç dildə – Azərbaycan, rus və ingilis dillərində təqdim etmək imkanı yaradılıb.

BMA-nın rektoru, SSRİ və Azərbaycanın Xalq artisti professor Fərhad Bədəlbəyli, elm və yaradıcılıq üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə konfrans iştirakçılarını salamlayıblar.

Konfransın proqramı müasir musiqi elminin bir çox problemlərini əks etdirən altı hissədən ibarət olub. BMA-nın məlumatına əsasən, bu böyük tədbirin təşkilində Tarix-nəzəriyyə fakültəsinin dekanı sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova böyük rol oynayıb. Konfransın moderatorları qismində sənətşünaslıq doktoru, professor Tariyel Məmmədov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirova çıxış ediblər.

Konfrans Özbəkistanın Əməkdar mədəniyyət işçisi, Özbəkistan Dövlət Konservatoriyasının professoru İnessa Gülzarovanın çıxışı ilə açılıb. O, məruzəsini Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinə, onun Azərbaycan və Özbəkistanın mədəni əlaqələrinin inkişafına verdiyi töhfələrə həsr edib. Həmçinin Violetta Yunusova, Tatyana Sergeyeva, Rəna Məmmədova, Tamilla Canızadə, İmruz Əfəndiyeva, Könül Nəsirova, İnna Pazıçeva, Rəhimzoda Karamatullo, Aygül Baybek, Ravşana Tursunova öz elmi fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər.