“Heydər Əliyev İli” çərçivəsində uşaqlarda vətənpərvərlik duyğularının güclənməsinə, onların estetik zövqünün, mənəvi tərbiyəsinin formalaşmasına, milli-mənəvi sərvətlərimizdən olan nağıllarımızın yaşadılmasına xidmət məqsədilə “Xəyallarımızda qalan nağıllar” adlı respublika uşaq yaradıcılıq müsabiqəsi keçirilib.
Müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.
Mövzusu nağıl personajları və nağıl səhnələri olan müsabiqəyə respublikamızın müxtəlif guşələrindən 18 yaşa qədər yaradıcılıq qabiliyyəti olan 1500 nəfərə yaxın uşaq və yeniyetmə 1800-dən çox əsər göndərib. Münsiflər tərəfindən onların arasından 600-dən çox əsər sərgilənmək üçün seçilib. Həmin əsərlər çərçivəli şəkildə, şəklin arxasına müəllifin adı, soyadı, əlaqə nömrəsi qeyd edilməklə dekabrın 18-dək Xətai Sənət Mərkəzin təqdim olunub.
Artıq təqdim olunan əsərlərin Xətai Sənət Mərkəzində növbəli şəkildə sərgisi keçirilir. İlk sərgi dekabrın 19-da açılıb.
Növbəti sərgilər 20, 21, 22 dekabr tarixlərində saat 14:00-da təqdim olunacaq.
Qeyd edək ki, sərginin elektron kataloqunda (https://cloud.mail.ru/public/8N75/BWeUNBacx) müəlliflərin adı, təmsil etdiyi yaradıcılıq müəssisəsi və sərgilənəcək əsərlərin fotoları təqdim olunub. Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) isə təşəkkürnamə ilə təltif olunacaq.