Dekabrın 19-da görkəmli bəstəkar, pedaqoq, Xalq artisti, professor Fərəc Qara oğlu Qarayevin 80 yaşı tamam olur. Bu münasibətlə dekabrın 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında konsert-konfrans keçirilib.
Tədbir BMA-nın Qara Qarayev adına konfrans zalında Musiqi nəzəriyyəsi kafedrasının təşəbbüsü ilə təşkil olunub.
Konsert proqramında bəstəkarın fortepiano əsərləri Xalq artisti, professor Ülviyyə Hacıbəyova və Əməkdar müəllim, professor Nərminə Quliyevanın magistrant tələbəsi Zəhra-Cahan Şıxəliyevanın ifasında səslənib. Uzun illər bəstəkarla yaradıcılıq ünsiyyətində olan Ülviyyə Hacıbəyovanın xatirələri də tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Konfransda Musiqi nəzəriyyəsi kafedrasının müdiri, Əməkdar müəllim Könül Nəsirova, dosentlər Aliyə Məmmədova və Turan Məmmədəliyeva, Musiqi tarixi kafedrasının dosenti, Əməkdar müəllim Xatirə Həsənzadə çıxış ediblər. Sənətkarın yaradıcılığı ilə yanaşı, pedaqoji fəaliyyətinə də nəzər yetirilib.
Qeyd edək ki, Fərəc Qarayev “Qobustan kölgələri”, “Kaleydoskop” baletləri, “Eşqə səyahət” operası kimi irihəcmli, eləcə də simfonik orkestr üçün əsərlərin müəllifidir. P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professorudur. Bakı Musiqi Akademiyasında, Kazan Dövlət Konservatoriyasında dərs deyib.