Azərbaycan Yazıçılar Birliyində (AYB) müasir ədəbiyyatımızın parlaq isimlərindən mərhum Nurəngiz Günün (1938–2014) 85 illiyi münasibətilə işıq üzü görən nəşrlərin təqdimatı keçirilib.
Tədbirdə alim, şair-publisist Elçin İskəndərzadənin Nurəngiz Günə həsr edilmiş "Günəşin elçisi" esse-monoqrafiyası, AYB nəzdində fəaliyyət göstərən Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi və Türkiyənin "Temrin" ədəbiyyat-sənət jurnalının birgə təşəbbüsü ilə şairəyə həsr edilən xüsusi buraxılış, Həsən bəy Zərdabi İrs Mərkəzinin təsis etdiyi "Nurəngiz Gün mükafatı" yarışması qaliblərinin və şairənin xarici ölkələrdə yayımlanan şeirlərindən ibarət antologiya, şair Maşallah Məftunun Nurəngiz Gün haqqında qələmə aldığı "Güllərin soyqırımı" kitabı təqdim edilib.
Tədbiri açan AYB-nin katibi Səlim Babullaoğlu nəşrlər haqqında məlumat verib.
AYB sədri Xalq yazıçısı Anar Nurəngiz Günlə bağlı xatirələrini danışıb, şairənin yaradıcılığının xüsusiyyətlərindən bəhs edib, onun yoxluğunun ədəbiyyatın itkisi olduğunu deyib.
Akademik Teymur Kərimli, deputat Arzu Nağıyev, professor Vaqif Yusifli, ədəbi tənqidçi, "Azərbaycan" jurnalının baş redaktor müavini Əsəd Cahangir, "Qobustan" jurnalının baş redaktoru, yazıçı Pərvin, filologiya üzrə elmlər doktoru Bahar Bərdəli, "Zərdabi Nəşr"in direktoru Elman Qasımov, tarix üzrə fəlsəfə doktoru Dilarə Nağıyeva və başqaları təqdim edilən nəşrlər, Nurəngiz Günün yaradıcılığı haqqında söz açıblar.
Sonra şairənin qızı, filologiya elmləri doktoru, Milli Məclisin deputatı Jalə Əliyeva anasının xatirəsinə göstərdikləri ehtiram üçün kitab müəlliflərinə, Yazıçılar Birliyinə təşəkkürünü bildirib.