Dekabrın 18-də “NETTY-2023” Azərbaycan milli internet mükafatının 18-ci təqdimat mərasimi keçirilib və müsabiqənin qalibləri mükafatlandırılıb.

Bu il müsabiqənin “Mədəniyyət, incəsənət və yaradıcılıq” nominasiyasında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun veb-portalı (https://www.manuscript.az) qalib elan edilib.

Mükafatlandırma mərasimində Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tariyel Məmmədov qalib layihələr haqqında məlumat verib, mükafatı Əlyazmalar İnstitutu Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərova təqdim edib.

Tədbirdə çıxış edən Prezident Administrasiyası Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə mükafata layiq görülmüş bütün nominantları təbrik edib. O, çıxışında vaxtilə Ulu öndər Heydər Əliyevin və son illərdə Prezident İlham Əliyevin informasiya cəmiyyəti quruculuğu sahəsindəki misilsiz xidmətlərindən danışıb, ölkəmizdə İKT-nin inkişafı istiqamətində görülən işlərin əhəmiyyətinə toxunub, NETTY akademiyasının son 20 ildə keçdiyi yola nəzər yetirib.

Sonra tədbir digər natiqlərin çıxışı və incəsənət ustalarının ifasında musiqili proqramla davam edib.