Dekabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının  təşkilatçılığı ilə Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbdə Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi Aqşin Quliyevə həsr olunmuş “Ürəklərdə yaşayan şəhidimiz” adlı anım tədbiri keçirilib.

Şəhidin ailə üzvləri, qazilər, məktəbin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhid Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd olunub ki, bacarıqlı kəşfiyyatçı-istehkamçı Aqşin Quliyev İkinci Qarabağ müharibəsinin ilk günündən xidmət etdiyi hərbi hissə ilə cəbhənin ön sıralarında döyüşüb. Oktyabrın 16-da Füzuli rayonu istiqamətində qəhrəmanlıqla döyüşərək şəhid olub.

Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Tədbirin bədii hissəsində konsert proqramı təqdim olunub, şeirlər səsləndirilib, məktəbin şagirdləri isə kompozisiya ilə çıxış ediblər.