Bloger müsabiqəsi keçirilib

 

“Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger” mövzusuna həsr olunmuş II Ümumrespublika bloger müsabiqəsinin nəticələri dekabrın 20-də elan edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən müsabiqənin məqsədi ictimaiyyət arasında sağlam və güclü ailə dəyərlərinin və gender bərabərliyinin, qadın və uşaq hüquqlarının təbliği, və məişət zorakılığı halları ilə mübarizə istiqamətində edilən çağırışların geniş kütləyə çatdırılması, sosial şəbəkələrdən istifadə etməklə cəmiyyətin düzgün istiqamətləndirilməsidir.

Dövlət Komitəsinin sədri Bahar Muradova blogerlərlə birgə işin aparılması barədə təşəbbüsdən danışıb: “Blogerlərin sosial mediadakı fəaliyyətini izlədik və gənclərin yeni çərçivələr yaratmağa qadir olduğunu gördük. Onlarla görüşlər keçirib hərtərəfli müzakirələr apardıq...”.

Qeyd edilib ki, ölkəmizdə yüzlərlə bloger fəaliyyət göstərsə də, müsabiqəyə gözlənildiyindən az sayda, 22 nəfər qatılıb. Maraqlı, maarifləndirici, fərqli kontent hazırlamaq və yaymaq, cəmiyyətə təsir imkanları və insanların etimad göstəricisinə görə, eyni zamanda mövzu ilə bağlı paylaşım statistikaları üzrə fəaliyyətləri münsiflər heyəti tərəfindən qiymətləndirilən aktiv blogerlər sertifikat və hədiyyələrlə təltif edilib.