Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə birgə “Nizami Gəncəvi yaradıcılığında Türkçülük məfkurəsi” adlı beynəlxalq elmi konfrans keçirilib.
Azərbaycan, Türkiyə və Özbəkistan alimlərinin iştirakı ilə təşkil olunan konfransı giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvi yaradıcılığının Azərbaycan və Türk dünyası mədəniyyəti, ədəbiyyatının qüruru olduğunu vurğulayaraq, dövlətimizin dahi mütəfəkkirin irsinin öyrənilməsi, onun əsərlərinin tədqiqi, nəşri və təbliğini diqqət mərkəzində saxladığını bildirib.
O, Prezident İlham Əliyev tərəfindən 2021-ci ildə Nizami Gəncəvinin 880 illiyi münasibəti ilə “Nizami Gəncəvi İli” elan olunduğunu və bu münasibətlə dahi şairə həsr olunmuş çoxsaylı layihələr, tədqiqatların həyata keçirildiyini diqqətə çatdırıb. Diplomat qeyd edib ki, Prezident İlham Əliyev Nizami Gəncəvini “bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifələr açmış, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş qüdrətli söz və fikir ustadı olaraq onun zəngin yaradıcılığını bəşər mədəniyyətinin nailiyyəti kimi” xarakterizə edib.
Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Abduqaffor Qırğızbayev Nizami Gəncəvi yaradıcılığını Türk dünyası ilə yanaşı bütün Şərq aləminə böyük təsir etdiyini və bu təsirin ədəbiyyatla yanaşı, mədəniyyət, musiqi, fəlsəfi təfəkkürdə də büruzə verməsindən söz açaraq ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından birinə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının verildiyini və şairin Daşkənddə büstünün ucaldığını söyləyib.
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri, professor Nurbay Cabbarov və Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Erkin Nuriddinov Nizami Gəncəvi yaradıcılığından Türk dünyasının böyük şairləri Əlişir Nəvai, Məhəmməd Füzuli və başqalarının bəhrələndiyini, eyni soy-kök, düşüncə və fikrə malik bu müdrik şəxslərin bir-birinə yaxın olmasının əsas səbəbinin onların türk xalqlarına mənsubluğu olduğunu qeyd ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, dosent Əzizağa Nəcəfov “Nizami Gəncəvinin türklüyü təkzibolunmaz faktdır” adlı məruzəsində şairin azərbaycanlı türk olması və əsərlərindəki türkçülük məfkurəsinin ən gözəl qaynağı kimi elə şairin özünün qələmə aldığı əsərlərin mötəbər bir mənbə olduğundan söhbət açaraq dahi şairin əsərlərində yer alan qəhrəmanların Türk obrazları olmasını və şairin Türk dilində divanının mövcudluğu barəsində danışıb.
Beynəlxalq konfransda Türkiyə, Azərbaycan və Özbəkistan alimlərinin elmi məruzələri dinlənilib. Çıxışçılar Nizami Gəncəvi irsinin tədqiqi və təbliği istiqamətində bir sıra maraqlı təkliflər səsləndiriblər.
Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan konfransda iştirakçılar foyedə təşkil olunmuş “Nizami Gəncəvidən başlanan Şərq intibahı” adlı kitab sərgisi ilə tanış olublar. Sərgidə dahi şairə aid Azərbaycan dili ilə yanaşı, Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistanda özbək dilində nəşr etdiyi kitablar oxuculara təqdim edilib.
Konfransın yekun nəticəsi olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yanında Nizami Gəncəvi irsinin dünyada tanıdılması, tədqiqi və təbliğini həyata keçirmək məqsədilə Türk dünyası Nizamişünas alimlərindən ibarət “Beynəlxalq Nizamişünaslar elmi tədqiqatlar cəmiyyəti” təsis olunmuş və onun gələcək fəaliyyət strategiyası müzakirə edilərək qəbul olunub.
Konfransın sonunda tədbir iştirakçılarına Nizami Gəncəvinin həyatı və yaradıcılığından bəhs edən “Azərbaycandan parlayan günəş” adlı sənədli film təqdim edilib.