Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında elmi fəaliyyəti Azərbaycan tarixşünaslığına qızıl hərflərlə yazılan, fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlarda təbliğ edən, görkəmli şərqşünas-alim, ictimai xadim, akademik Ziya Bünyadovun 100 illiyi münasibətilə “Ölümsüzlüyə qovuşan ölüm” adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan bildirilib ki, elektron məlumat bazasında akademik Ziya Bünyadovun həyat və elmi fəaliyyəti, rəhbəri olduğu elmi tədqiqat işləri, Azərbaycan və xarici dillərdə nəşr edilən kitabları, tərcümələri, məqalələri, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, haqqında yazılan nəşr nümunələrinin siyahıları təqdim edilib.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazasında “Ölümsüzlüyə qovuşan ömür”, “Akademik Ziya Bünyadov: bizim yaddaşımızda və özgələrinin təsvirində. Hollandiyalı tədqiqatçı Sara Krombaxın dissertasiyası haqqında düşüncələr” kimi bölmələrlə yanaşı, akademikin layiq görüldüyü təltif və mükafatlar, Türkiyə Milli Kitabxanasında qorunan kitabları haqqında məlumatlar da yer alıb. Məlumat bazasında akademikin video və fotoqalereyası və 100 illik yubileyi ilə əlaqədar hazırlanan virtual kitab sərgisi və videomaterial da sərgilənib.

Kitabxananın rəsmi saytında yerləşdirilən elektron baza ilə tanış olmaq istəyənlər bu linkə -https://ryl.az/melumat-bazalari/Ziya_Bunyadov_el_melumat_bazasi/index.html keçid edə bilərlər.