Azərbaycan İstiqlal Muzeyində “Füyuzat” jurnalının üz qabıqlarının nümayiş edildiyi sərgi açılıb. Sərgi Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu, “Füyuzat” dərgisi və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.
Bu barədə muzeydən məlumat verilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Sərginin açılış mərasimində çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa “Füyuzat” jurnalının Azərbaycan tarixindəki rolundan, milli mövzularda dərc etdiyi məqalələrlə cəmiyyətə verdiyi töhfələrdən söz açıb, nəşrin bugünkü fəaliyyətini yüksək qiymətləndirib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov “Füyuzat”ın Azərbaycan tarixindəki rolunu yüksək dəyərləndirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
“Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus jurnalın tarixi, toxunduğu mövzular, eyni zamanda, sərginin keçirilməsinin məqsədi barədə ətraflı məlumat verib. O, “Füyuzat” jurnalının 2007-ci ildə yenidən fəaliyyətə başlamasından sonra da öz tarixi məqsədlərinə sadiq qaldığını, xalqımızın milli və mədəni məsələlərdə maariflənməsini jurnalın əsas qayəsi hesab etdiyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova “Füyuzat”ın varisçilik missiyasından, gənc yazarlara göstərdiyi qayğıdan bəhs edərək yaradıcı heyətə və Azərbaycan İstiqlal Muzeyinə xalqımızın tarixi dəyərlərini qoruyub yaşatdığı üçün təşəkkürünü bildirib.
Tədbirdə “Füyuzat” dərgisinin tarixi, fəaliyyəti və məqsədləri barədə geniş məlumat verilib, eyni zamanda, jurnalın üz qabıqlarının hazırlanması prosesi, üz qabıqlarında toxunulan məsələlər və verilən mesajlar barədə məlumatlar bölüşülüb.
Sonda qonaqlar sərgilənən eksponatlarla yaxından tanış olublar.
Dekabrın 24-dək davam edəcək sərgiyə giriş ödənişsizdir.