İslam Əməkdaşlıq Təşkilatı (İƏT) baş katibinin müavini Tariq Bakitin rəhbərliyi etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində dekabrın 21-də Mədəniyyət Nazirliyində olub.
Qonaqları səmimi salamlayan mədəniyyət nazirinin müavini Fərid Cəfərov İƏT-lə ölkəmiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edərək mədəniyyət sahəsində əməkdaşlıq üçün imkanların daha da genişləndiyini bildirib.
Qəbula və xoş sözlərə görə təşəkkürünü bildirən Tariq Bakit öz növbəsində təşkilatın ölkəmizlə münasibətlərə böyük önəm verdiyini bildirərək Azərbaycan torpaqlarının işğal altında qaldığı dönəmdə İƏT-in daim ədalətin yanında olduğunu və rəsmi sənədlərdə bu mövqeyin əks etdirilməsinin böyük əhəmiyyət daşıdığını bildirib.
Görüşdə işğal zamanı Qarabağ və Şərqi Zəngəzurda dağıdılmış və talan edilmiş mədəni irsin bərpası istiqamətində Azərbaycan dövləti tərəfindən aparılan geniş miqyaslı təmir-bərpa işləri haqqında nümayəndə heyətinə məlumat verilib.
Qonaq heyət 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirəcək Azərbaycanın Şuşa şəhərində mədəniyyət sahəsində birgə beynəlxalq tədbirlərin təşkilini səbirsizliklə gözlədiklərini bildirib, İƏT qətnamələrinin icrasından məmnunluqlarını bildiriblər.
Görüş həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ili çərçivəsində nəzərdə tutulan tədbirlər və “Bakı Prosesi” üzrə gələn il ölkəmizdə keçiriləcək VI Dünya Mədəniyyətlərarası Dialoq Forumu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.