Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası, Əməkdar artist Yelena Spitsina öz yuvarlaq doğum gününü doğma səhnədə qeyd etdi.
Dekabrın 21-də “60 il 60 dəqiqə içində” adlı yubiley gecəsi fərqli tərzdə – monotamaşa kimi qurulmuşdu. Aktrisa sanki teatrdakı çalışmaları, sevimli rolları, həyatı barədə etiraf edirdi. İlk etirafı isə özü, kökü-əsli barədə idi: “Atam Gəncədə doğulsa da, iki yaşında valideynləri ilə Rusiyaya köçüb. Amma ömrü boyu özünü gəncəli kimi apardı və tanıtdı. Anam isə bakılıdır, İçərişəhərdə doğulmuşdu. Tale onları Rusiyada görüşdürmüşdü, mən də Moskva ətrafında, Elektrostal şəhərində doğuldum. Hər yay Bakıya, nənəmin-babamın yanına gələrdim. Buna görə də özümü genetik bakılı hesab edirəm”.
İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almaqla Yelena ömrünü Bakıya, Azərbaycan mədəniyyətinə bağlayır. 1986-cı ildə III kurs tələbəsi ikən Rus Dram Teatrının səhnəsində ilk rolunu oynayır və o zamandan bir teatrın səhnəsində çıxış edir.
Həmin axşam Yelena Spitsina səhnədə danışdı, xatirələrini bölüşdü, şeir söylədi, mahnı oxudu və təbii ki, sənət dostları onu tək qoymadılar.
Yubiley gecəsində mədəniyyət nazirinin müşaviri Əməkdar artist Oleq Əmirbəyov Mədəniyyət Nazirliyinin təbrik məktubunu səhnədən oxudu. Beləcə, təbriklər bir-birinə qarışdı: dostlar və həmkarlar Yelena Spitsinaya xoş sözlərini çatdırdılar, yeni yaradıcılıq uğurları arzuladılar.
Gülcahan Mirməmməd