Bölgələrdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bir sıra tədbirlər keçirilib.

Qazax-Tovuz RMİ-nin təşəbbüsü, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Tovuz rayon komitəsinin dəstəyi ilə Tovuz rayon mədəniyyət müəssisələrinin əməkdaşları Yeni il bayramı ilə əlaqədar şəhid ailələrini ziyarət ediblər.

Qazax şəhər 2 nömrəli Uşaq musiqi məktəbi “Dünyaya sülh” adlı tədbir keçirib. Məktəbin müəllim və şagirdləri öz ifaları ilə qonaqlara xoş əhval-ruhiyyə bəxş ediblər. Sonda 2023-cü il ərzində məktəbin tədbirlərində və ictimai işlərində fəal iştirak edən müəllimlər fəxri fərmanla təltif olunublar.

Ağstafa rayon Mədəniyyət Mərkəzi və Ağstafa Gənclər evinin birgə təşkilatçılığı ilə “Qar sevinci” adlı musiqili-əyləncəli Yeni il şənliyi keçirilib. Fərqli üslubda təqdim olunan personajların çıxışı və şən klounlar, Şaxta baba və Qar qız uşaqların böyük marağına səbəb olub.

***

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları və DSX-nin Lənkəran şəhərindəki “N” saylı hərbi hissələrində bayram tədbiri keçirilib. Tədbirdə Lənkəran şəhər Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivləri geniş konsert proqramı ilə çıxış ediblər.

Bayram münasibətilə Dövlət Sərhəd Xidməti Cəlilabad rayonunun Göytəpə şəhərindəki “N” saylı hərbi hissəsində konsert proqramı təşkil olunub. Lənkəran-Astara RMİ-nin Cəlilabad rayonu üzrə böyük mühasibi Elnur Atakişiyev çıxış edərək əlamətdar günlər münasibətilə əsgər və zabitləri təbrik edib. Hərbi vətənpərvərlik ab-havasının hakim kəsildiyi tədbirdə əsgərlərimizin zövqünü oxşayan rəngarəng musiqi nömrələri alqışlarla qarşılanıb.

***

Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbində (müvəqqəti Sumqayıt şəhərində yerləşir) “Biz birlikdə güclüyük!” adlı konsert proqramı təşkil edilib. Konsert proqramında müəllim və şagirdlərin ifasında rəngarəng musiqi nömrələri səsləndirilib. Tədbirin sonunda bir qrup müəllim və şagird fəxri fərmanla təltif olunub.

Hazırladı: N.Məmmədli