Azərbaycanın milli mətbuat salnaməsində silinməz iz qoymuş “Ziyayi-Qafqaziyyə” (1880 – 1884) qəzeti ilk dəfə kitab şəkildə çap olunub.
Qəzet AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin əməkdaşı mərhum Müştəba Əliyev tərəfindən transfoneliterasiya edilərək lüğət, izah və şərhlərlə kitab halına salınıb.
Kitabın baş redaktoru və ön sözünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, çapa hazırlayanı və redaktoru Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməddir. Rəyçilər akademik Teymur Kərimli, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli və filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.
2014 – 2017-ci illərdə Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi vəzifəsində çalışmış Müştəba Əliyev 2013-cü ildə “Ziya”, 2017-ci ildə “Təlimül-ətval təhzibül-əxlaq” qəzetlərini ərəb əlifbasından latın qrafikasına çevirib və çap etdirib. “Kəşkül” qəzeti isə onun vəfatı ilə əlaqədar natamam qalıb.
Ədəbiyyat İnstitutu Elmi şurasının qərarı ilə “Elm və təhsil” nəşriyyatında çap olunan toplu 1090 səhifədən ibarətdir.
Qeyd edək ki, qəzet 1879 – 1880-ci illərdə “Ziya” (Tiflis, 76 nömrə), 1880 – 1884-cü illərdə “Ziyayi-Qafqaziyyə” adı ilə (Tiflis və Şamaxı, 107 nömrə) çap olunub. Redaktoru və naşiri Səid Ünsizadə olan qəzetdə Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Səfərəli bəy Vəlibəyov, Aleksandr Çernyayevski və başqaları çıxış ediblər.