Xalça Muzeyində bərpa olunmuş eksponatların sərgisi

 

Azərbaycan Milli Xalça Muzeyində yanvarın 12-də “Zamana qalib gələn milli irsimiz” adlı sərginin açılış mərasimi keçirildi.

Muzeyin direktor vəzifəsini müvəqqəti icra edən Mira Məmmədxanova qeyd etdi ki, muzey fəaliyyətinin ən məsuliyyətli və əhəmiyyətli sahəsi konservasiya və bərpa işidir. Xalça Muzeyi də ölkəmizdə xalça və digər dekorativ-tətbiqi sənət nümunələrinin konservasiya edilərək qorunması sahəsində bir elmi mərkəzə çevrilib. Son zamanlar muzeyin ardıcıl şəkildə təşkil etdiyi ustad dərslərinə Rusiya, Almaniya, Qətər, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan dəvət edilən əcnəbi peşəkarlar bu sənətin sirlərini yerli mütəxəssislərlə bölüşür, onların bacarıq səviyyəsinin daha da yüksəlməsi üçün təlimlər keçirlər.

Bildirildi ki, mədəni irsimizə ikinci nəfəs verilməsi, yəni lazımi işlərin həyata keçirilməsi ilə maddi mədəni irsimizin gələcək nəsillərə layiqincə çatdırılması üçün muzeydə konservasiya işləri durmadan inkişaf edir. Son illər ərzində muzeyin Xalça və dekorativ-tətbiqi sənət üzrə konservasiya, bərpa və profilaktik nəzarət şöbəsində yüzlərlə eksponat konservasiya olunub. Bunların əksər hissəsi muzeyin, bir qismi onun Şuşa filialının ekspozisiyasında, digər eksponatlar isə vaxtaşırı müxtəlif sərgilərdə nümayiş etdirilir.

Sərgi haqqında məlumat verən M.Məmmədxanova builki sərgidə təqdim olunan əsərlər üzərində uzun illər bu sahədə əmək sərf etmiş mütəxəssislərlə yanaşı, muzeyin daha gənc, lakin püxtələşmiş konservatorları, bərpaçı-rəssamları da müstəqil çalışıblar. Bu da muzeyin konservasiya laboratoriyasının qısa müddət ərzində peşəkar səviyyədə inkişafını bir daha təsdiqləyir.

M.Məmmədxanova çıxışının sonunda 2023-cü ildə konservasiya və bərpa işlərinin aparılması sahəsində səmərəli fəaliyyətinə görə muzeyin bərpaçı-rəssamı Təhsib Zəvərlini təşəkkürnamə ilə təltif etdi.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin elmi və yaradıcılıq işlər üzrə prorektoru dosent Sədaqət Əliyeva, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova, Xalça Muzeyinin ekspertləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Məmmədhüseyn Hüseynov və Milli İncəsənət Muzeyi Elmi bərpa şöbəsinin müdiri Natiq Səfərov sərginin əhəmiyyətindən danışdılar, əməyi keçənlərə təşəkkür etdilər.

Çıxışlardan sonra qonaqlar sərgi ilə yaxından tanış oldular.

Sərgidə 2022–2023-cü illər ərzində bərpa olunmuş, XVII-XX əsrlərə, eyni zamanda müasir dövrə aid 30-dək nadir xalça və xalça məmulatı, zərif tikmələr, milli geyim və qiymətli zərgərlik nümunələri, bədii metal və saxsı qablar nümayiş olunur.

“Zamana qalib gələn milli irsimiz” sərgisi yanvarın 21-dək davam edəcək.

Qeyd edək ki, sərgi çərçivəsində yanvarın 13-də tekstil konservasiyası üzrə ustad dərsi də təşkil olunub.

Nurəddin