Rəssam Cəlal Ağayevin yaradıcılığı haqqında
Kövrək ruhlu sənətkarların sirli məna axtarışı kətan üzərində simvollaşaraq, onların xəyal aləminin kölgəsi hesab olunur. Rəssamın palitrası qəlbindən süzülən rənglərlə riqqətə gələrək fırça ilə rəqs edir. Öz düşüncələrinin mahiyyətini çözələyən rəssam gah əski dəmlərə qayıdır, gah da gələcəyə işıq tutur.
Harmoniya ilə cilalanmış sənət nümunələrinin müəllifi Cəlal Ağayevin əsərlərindəki coşqu dolu rənglərdə də sanki bir təzad var. Bütün əsərlərində müəllifin ürəyinin saflığı, qəlbinin kövrəkliyi, eyni zamanda Abşerona böyük sevgisi görünür. Düşüncələrini kətan üzərində gah yağlı boya, gah da akvarel ilə ümumiləşdirən sənətkarın təpədən dırnağa duyğu və xəyal aləmini canlandırmağa çalışması əsərlərini daha dəyərli edir. Fərqli mövzulara, milli motivlərə, etno-tarixi elementlərə əsərlərində yer verən Cəlal Ağayev bədii təzadlardan və dekorativlikdən istifadə etməyi çox sevir. Onun bütün kompozisiyalarında həyati, sevgi dolu, sənət yüklü aura var.
Cəlal Ağayev 1983-cü il sentyabrın 13-də Bakıda anadan olub. Uşaq yaşlarından rəsmə, rəssamlığa maraq göstərib. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Kollecində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) sənət təhsili alıb. 2010 – 2015-ci illərdə ADRA emalatxanasının (qrafika ixtisası) müdiri olub, 2015-ci ildən isə “Rəssamlıq və qrafika” kursunun müəllimidir. 2009-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Azərbaycanda və xaricdə keçirilən bir sıra sərgilərin iştirakçısıdır. Əsərləri Türkiyə, Ukrayna, Rusiya və Bolqarıstanda təqdim olunub.
Rəssamın maraqlı işləri arasında “Gözəl”, “Natürmort”, “Güllər”, “At”, “Nərdivanlar”, “Novxanı bağları”, “Abşeron”, “Dəvə”, “Aşıq”, “Zamanın ipi”, “İçərişəhər”, “Qara çıraqlar”, “Gözləmə”, “Mənim xəyali şəhərim”, “Kəndin şəcərə ağacı”, “Şuşa. Cıdır düzü”, “Bakı mənzərəsi”, “Çanaqqala döyüşü” və başqa bir çox əsərləri qeyd edə bilərik.
Onun yaradıcılığında Nizami Gəncəvinin “Xəmsə”sindən “Yeddi gözəl”ə həsr olunmuş silsilə də var. Yeddi gözəl, dahi şairin əsərində olduğu kimi, bədii müstəvidə də dolğun və ifadəli bir biçimdə icra olunub. Hər gözəlin öz xəyali mənası, öz simvolik mahiyyəti var. Bundan başqa, Qara Qarayevin 1952-ci ildə yazdığı dünyaca məşhur baletin də təsirlərini bu silsilədə görmək olar. Nizami məsnəvisi, Qara Qarayev bəstəsi və Cəlal Ağayevin sənətkar baxışını özündə birləşdirən bu silsilənin hər bir detalı əsl sənət nümunəsini xatırladır.
Cəlal Ağayev həm emosional, həm də fiziki enerjini kətanda əks edə bilir. Onun əsərləri abstrakt/ekspressionizm, impressionizm və realizm arasındakı uçurumu aradan qaldırır. Rəng, faktura və tekstura vasitəsilə dekorativliyi improvizə edən rəssam hər əsərə xüsusi bir fəlsəfi tutum ilə yanaşır.
Onun yaradıcılığında təravətli gül təsvirləri də xüsusi yerə malikdir. Təbiətin gözəlliyinin üzərinə ələndiyi bu güllərin hər biri xüsusi, bəlağətli palitra ilə tamamlanıb. Rəssamın qəlbinin işığı ilə şölənən hər bir kompozisiyasında güclü emosiya, xəyal aləmi, estetik zövq dayanır.
Rəssam ətirlənmiş, təzələnmiş çiçəklərlə yanaşı, təbiət mənzərələri, xüsusilə də doğma Abşeronu xüsusi ovqatla kətan üzərində təqdim edir. Onun qızılı çalarlarla bəzənən, günəşdən pay alan “Abşeron” əsəri buna ən gözəl nümunədir. Müəllif tamaşaçıları sanki cənnət qədər möcüzəvi bir aləmə səyahətə yola salır. Üzərinə şölələnib nur saçan günəşin istisi ilk baxışdan izləyicini özünə valeh edir. Kölgə salındıqca daha çox nazlanan Abşeron təsvirini isə rəssam “Abşeron 2” adlı tablosunda təqdim edib. Abşeronun küləkləri də özü kimi nəğməkardır. Sarı, qızılı günəş ilə təzad yaradan soyuq çalarlı kölgələr əsərin ümumi bədii gücünü daha da artırır.
“Novxanı bağları” əsəri isə zəngin təbiətli Bakı kəndini təcəssüm etdirir. Rəssam xəyal dünyasını bəzəyən, keçmiş dəmləri özündə ehtiva edən səmimi ovqata malik mənzərə əsərini yaradıb. Bu kolorit həlli onun daxili dünyasından, Abşerona bağlılığından, individual əhvali-ruhiyyəsindən xəbər verir. Bu əsərdə də göründüyü kimi, rəssamın bədii qayğılarından biri də kompozisiyanın ümumi tarazlığıdır. Təbiəti balans içində təsvir etməsi, emosional reaksiyası, bədii intuisiyası həmin əsərlərin ümdə amillərinə çevrilir.
Cəlal Ağayevin natürmort nümunələrində ilk baxışdan Şərqin ab-havası duyulur, milli və ənənələrə xas ovqat sezilir. Mis qablar, dəyərli çeşnilərimiz ilə bəzənən xalça nümunələri, kompozisiyada orientallıq və dekorativliyin pozulmaz vəhdəti bu əsərləri səciyyələndirən əsas faktorlardır.
Onun yaradıcılığında diqqətçəkən fərqli və maraqlı nüanslardan biri də animalistik fiqurlardır. Xüsusilə də, at fiquru. At fiqurları rəssam üçün səssiz enerji, heyvan təbiəti üçün sanki metaforadır. Onlar tamaşaçılarla enerji və emosiya vasitəsilə sözsüz ünsiyyət qura bilirlər. At fiqurları stilizə olunmuş bir biçimdə kətanda öz əksini tapırlar. Xüsusi şux rənglərlə boyanıb, sanki müəyyən əhvalatı özlərində ehtiva edirlər. Fiqurlardakı forma və rəng həm harmonik, həm də təzad səciyyə daşıyır.
Cəlal Ağayevin əsərlərinin arxasında ümumiləşdirdiyi qədim tarix, milli və adət-ənənələrimizi özündə ehtiva edən mənalı bir dünya gizlənib. O həm əsərlərinin hər incə detallarında qəlbindəki sirləri faş edir, həm də eyni detalların arxasında bir çox müəmmanı kölgələyir. Vətəni, hiss və düşüncələrini, insanı, gözəli tərənnüm etməkdən əsla çəkinməyən usta sənətkara həyat və yaradıcılıq yolunda bitib-tükənməyən nailiyyətlər arzu edirik.
Nigar Hətəmova
Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi