XIX əsrin sonları – XX əsrin əvvəllərində Azərbaycana səyahət etmiş rus fotoqraf Dmitri Yermakovun (1846–1916) çəkdiyi şəkillərdən ibarət kitab-albom nəşr olunub. Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlmiş “Odlar yurduna səyahət” kitabındakı fotolar 1880-ci illərin sonundan XX əsrin əvvəlinədək olan dövrü əhatə edir. Gürcüstan Milli Muzeyinin Yermakov fondunda saxlanılan bu fotoşəkillərin əksəriyyəti indiyədək dərc olunmayıb.
Bakı Kitab Mərkəzində “Odlar yurduna səyahət” kitab-albomunun təqdimatı keçirilib.
Nəşrin elmi redaktoru, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov qeyd edib ki, Dmitri Yermakovun fotoşəkilləri unikaldır: “Birincisi, onlar tarixi mənbə kimi qiymətlidir. İkincisi, bu fotolar bədii və sənədli film çəkənlər üçün əvəzolunmaz materialdır. Onların vasitəsilə həmin dövr haqqında bədii əsərlər də yazmaq olar. Çünki bu mənbələr bilinməyən hadisələr barədə əyani vəsaitdir. Daha bir məqamı qeyd etmək yerinə düşər. Yermakov peşəkar hərbi topoqraf və xəritəçəkən olub və ona görə də işıqların fonunda, hava şəraiti, günün müəyyən vaxtı və digər amillərdən asılı olaraq çəkiliş rakursunu müəyyən etmək üçün məkanı çox gözəl bilib. Bu səbəbdən fotoşəkillər çox keyfiyyətlidir”.
Yermakovun çəkdiyi və topladığı şəkillər Avropa ölkələrindəki müxtəlif kolleksiyalarda mövcud olsa da, onun ən böyük arxivi Gürcüstan Milli Muzeyində yerləşir. Gürcü hökuməti 1919-cu ildə kolleksiyanı onun varislərindən satın alıb.
Kitab-albomun nəşri ideyasını dəstəkləyən Gürcüstan Milli Muzeyinin rəhbəri professor David Lordkipanidze deyib: “Bu kolleksiya illər ərzində toplanıb və bizim üçün təkcə muzey eksponatı kimi vacib deyil. Onların köməyi ilə bir dövrün “təsviri” baxımından çox şey öyrənmək olar. Onlar təkcə tarixçilər, etnoqraflar və digər mütəxəssislər üçün mühüm deyil, keçmişin incəliklərinə maraq göstərən hər kəs üçün maraqlıdır. Mən də istisna deyiləm. Bu fotoşəkillərdən müxtəlif sərgilər və elmi işlər üçün istifadə edirəm. Bu kolleksiya Gürcüstan Milli Muzeyinin ən mühüm sərvətlərindən biridir. Belə bir kitab-albomun nəşri həmçinin Gürcüstanla Azərbaycan arasında əlaqələrin davamı, həmrəylik hissimizin rəmzidir”.
Azərbaycanda çəkilmiş fotoşəkillər qəsəbələri, küçələri, kənd təsərrüfatı sahələrini, balıqçı vətəgələrini əks etdirir. Bu, Yermakovun dəfələrlə Bakıda və digər bölgələrdə olmasından xəbər verir.
Səbuhi Əhmədov bildirir ki, Dmitri Yermakovun fotoşəkilləri daha bir cəhətdən dəyərlidir: “Onlarda dövrümüzə qədər gəlib çatmamış bir sıra abidələr var. Məsələn, bu materiallarda XX əsrin 20-30-cu illərində – sovet dövründə dinə qarşı mübarizə mərhələsində dağıdılmış dini abidələrin çoxlu şəkilləri var. Sonra belə tikililər – məscidlər, məqbərələr, kilsələr, ibadətgahlar nəinki zərər gördü, onların bir çoxu məqsədli şəkildə dağıdıldı. Bu gün biz bu tikililərin necə gözəl olduğunu görə bilirik”.
Bakıda çəkilmiş fotoşəkillər əsasən neft mədənləri, Qız qalası və mərkəzi küçələri əks etdirir.
Yermakovun 1902-ci il zəlzələsindən dərhal sonra Şamaxıda çəkdiyi fotoşəkillər fəlakət zamanı şəhərin vəziyyəti haqqında məlumat almağa kömək edir. Rəsmi tapşırıqla təbii fəlakət yerinə göndərilən Yermakov zəlzələnin nəticələrinin – əhalinin vəziyyətinin, yardım komitəsinin, xeyriyyə təşkilatlarının və xilasedicilərin fəaliyyətinin fotoşəkillərini çəkib. Beləliklə, həmin dəhşətli təbiət hadisəsi ilə əlaqəli bütün proses vizual olaraq sənədləşdirilib.
Maraqlı silsilələr etnoqrafik xarakter daşıyır ki, burada ipək istehsalı dəqiqliklə və addım-addım təsvir edilir, sırf texnoloji və yüksək peşəkarlıqla lentə alınır. Halbuki, baramaların isladılması, ondan sapların açılması prosesindən silsilə hazırlanarkən, hazır kəlağayının üzərinə qəlib qoyulan son ana qədər baş verənlərin əks edilməsi fotoqraflar üçün nadir yanaşmadır.
Rus fotoqraf tərəfindən Qubanın Cek kəndində 1880-ci ildə çəkdiyi şəkil, Tiflisdəki Azərbaycan xalçaları bazarının fotosu və s. nümunələr də tarixi-etnoqrafik baxımdan qiymətlidir.
Qeyd edək ki, 260-dan çox unikal fotoşəkil əsasında Azərbaycan və ingilis dillərində tərtib olunmuş kitab-albomda Azərbaycanın Ağdaş, Bakı, Gəncə, Lənkəran, Şamaxı, Şuşa, Şəki şəhərləri, dəmir yolu vağzalları, memarlıq abidələri, sənaye və kənd təsərrüfatı obyektləri öz əksini tapıb.
Dmitri Yermakov fotoqrafiya tarixinə təkcə peşəkar fotoqraf kimi deyil, həm də böyük fotostudiyalardan birinin yaradıcısı, ən əsası, fotobankı yaratmağa başlayan bir insan kimi daxil olub. O, həmçinin fotoqrafiyanı bir növ biznesə çevirib, digər fotoqraflardan fotoşəkillər alıb, onları toplayıb, tematik qaydada qruplaşdırıb, ən başlıcası isə kataloq sistemi ilə təsnif edib. Bunun nəticəsidir ki, bu gün bizim əlimizdə Qafqaz mənzərələrinin 25 min fotoşəkildən ibarət çox müfəssəl kolleksiyası var. Bu kolleksiyada XIX əsrin sonundan XX əsrin əvvəllərinə qədər olan Azərbaycan mənzərələri əksini tapıb. Burada təkcə sənaye bumu və onun doğurduğu bütün nəticələr deyil, həm də o dövrdə meydana çıxan nəqliyyat vasitələri – gəmilər, buxar lokomotivləri, paroxodlar, yeni dəmir yolu, neft yataqları var. Lakin həmin dövrdə adi hal kimi qəbul edilənlər belə etnoqraf kimi Yermakovun özü üçün də maraqlı idi. Bu, Qafqazda yaşayan müxtəlif etnik qruplara məxsus insanların həyatı, evlərinin interyeri, geyimləridir. Redaksiya heyətinin qeyd etdiyi kimi, şübhəsiz ki, təqdim olunan materiallar tədqiqatçıların və alimlərin diqqətini cəlb edəcək.