Sumqayıtdakı Poeziya evində “Əbədiyyətə qovuşanlar” adlı tədbir keçirilib. Tədbir torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan doqquz Vətən oğlunun xatirəsinə həsr olunub.
Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbinin (Sumqayıt şəhəri) hazırladığı tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Savalan İmanov, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi şəhər şöbəsinin sədr müavini Ülvi Məmmədov və müəllim Elnurə Sadıqova çıxış ediblər. Bildirilib ki, şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda canından keçmək, ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır.
Sonra şəhidlər Xəyal Məmmədov, Mirzə Novruzov, Kərim Əhmədəliyev, İlqar Əhmədov, Natiq Bəxşəliyev, Əbdülməcid Axundov, Heydər Xudiyev, Gəray Məmmədov və Xalid Quliyevin doğmaları çıxış edərək onların şücaətindən söz açıblar.
Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, musiqi nömrələri ifa olunub.