Heydər Əliyev Mərkəzi əlvan rəngləri ilə nəzərləri özünə çəkəcək, izləyicilərinə xoş əhvali-ruhiyyə bəxş edəcək əsərlərdən ibarət daha bir sərginin təqdimatına hazırlaşır.
Fevralın 14-də açılacaq “Ümid sınağı” (“Crucible of hope”) sərgisində afrikalı rəssam Kojo Marfonun 20-dən çox əsəri nümayiş olunacaq.
Əslən Qanadan olan Kojo Marfo Londonda yaşayır. O, uşaqlıqdan tanış olduğu Afrikanın ənənəvi Akan artefaktlarının, heykəllərinin təsiri altında rəssam kimi inkişaf edib. Çoxsaylı səyahətlər də Marfonun müxtəlif mədəniyyətlərlə tanışlığına və həmin mədəniyyətlərin yaradıcılığında əks olunmasına səbəb olub. Onun yaradıcılığı ilə tanışlıq mədəniyyət dəhlizləri ilə səyahət etməyə bənzəyir.
Heydər Əliyev Mərkəzində sərgilənəcək əsərlər rəssamın uşaqlıq xəyallarını müasir dünyanın reallığı ilə bir-birinə qarışdırır. Hər bir əsərində isə bir-birinə məharətlə bağlanan məna və emosiya qatları ziyarətçilərə Kojo Marfonu daha dərindən kəşf etmək imkanı qazandırır. Marfonun əsərləri cəmiyyət üçün güzgü funksiyasını daşıyır, dərin düşüncələrin yaranmasına ilham verir. Rəssamın fərqli zəkasını, yumor hissini və dərin müşahidə bacarığını nümayiş etdirən bu sərgi ziyarətçilərə Marfonun özünün hansı düşüncələrə malik olduğunu anlamağa fürsət yaradır.
Kojo Marfonun əsərləri bundan əvvəl Amsterdam, Barselona, London, Nyu-York, Paris, Tokio və digər şəhərlərdə nümayiş etdirilib.