Fevralın 14-də Azərbaycan Televiziyasının yayıma başlamasının 68-ci ildönümü tamam olur. “Diqqət, diqqət! Göstərir Bakı” – 1956-cı ilin bu günü Azərbaycanın ilk telekanalı – Bakı Televiziya Studiyası bu sözlərlə evlərə qonaq gəlib. Telestudiya əvvəlcə həftədə 3 dəfə, 1957-ci ildən 5 dəfə 2 saatlıq proqramla efirə çıxıb. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artırılıb. 70-ci illərdə gündəlik verilişlərin yayım həcmi 10, 80-ci illərdə 18 saata çatdırılıb. 2005-ci ildən isə 24 saatlıq fasiləsiz yayıma keçilib.
1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və unikal konstruksiyaya malik bu kompleks vasitəsilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır. Ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayımvericiləri istismara verilib. 3 peyklə dünyaya yayımlanan Azərbaycan Televiziyasının fəaliyyəti ən son texniki standartlara tam uyğunlaşdırılıb.
Azərbaycan Televiziyasının nəzdində 2009-cu ildə “İdman Azərbaycan”, 2011-ci ildə isə “Mədəniyyət” kanalı ilk dəfə tamaşaçıların görüşünə gəlib. “Mədəniyyət” kanalı Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır.