Fevralın 10-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hissein Brahim Taha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Baş katib İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyevin İslam həmrəyliyi işinə verdiyi töhfəni xüsusi vurğulayan İƏT rəhbəri, eyni zamanda, işğaldan azad edilmiş torpaqlarımızda geniş abadlıq və quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı dövlətimizin başçısına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da təşkilatın inkişafı, üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi işinə töhfəsini verəcəyini qeyd edib.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik də fevralın 9-da Prezident İlham Əliyevə zəng edib.

Baş direktor dövlətimizin başçısına prezident seçkilərində qələbə qazanması ilə bağlı təbriklərini və xoş arzularını çatdırıb, ona Azərbaycanın tərəqqisi naminə fəaliyyətində yeni uğurlar arzulayıb.

Telefon söhbəti zamanı Azərbaycanla ICESCO arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.