Azərbaycan Universitetinin Tərcümə və filologiya, Siyasi və ictimai elmlər kafedraları və Gürcüstanın Akaki Sereteli Dövlət Universitetinin professor-müəllim heyətinin iştirakı ilə “Qafqazda multikulturalizm” mövzusunda beynəlxalq elmi seminar keçirilib.

Hibrid formatda təşkil olunan seminarın açılışında Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin sülh şəraitində mehriban yaşadıqları vurğulanıb, multikulturalizm və tolerantlığın dövlət siyasətinin tərkib hissəsi olduğu qeyd olunub. Bildirilib ki, bu gün dünyanın müxtəlif yerlərində siyasi, dini və etnik zəmində toqquşma və müharibələr davam edir, üstəlik yeni qeyri-sabitlik və münaqişə ocaqları yaranır. Dünyada sülhün alternativi yoxdur. Ona görə də bütün dünya dövlətləri sülhün təmin olunması üçün səylərini səfərbər etməlidir.

Seminarda Azərbaycan Universitetinin professoru, filologiya elmləri doktoru Asif Hacıyevin “Tarixi coğrafiya və Azərbaycan multikulturalizmi”, Akaki Sereteli Dövlət Universitetinin nümayəndələri – filologiya elmləri doktoru, professor İrine Çaçanidze və filologiya üzrə fəlsəfə doktoru Tamar Quçuanın “Bakının gürcü diasporunda dil və mədəniyyət məsələləri” (XX əsrin I yarısının gürcü mühacir mətbuatına görə), Azərbaycan Universiteti Siyasi və ictimai elmlər kafedrasının müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinskinin “Azərbaycanın müasir siyasətində multikulturalizm konsepsiyasının əhəmiyyəti”, kafedranın müəllimləri – tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanovun “Milli kimliyin formalaşmasında ailənin rolu”, fəlsəfə üzrə fəlsəfə doktoru Rauf Səmədovun “Azərbaycan dini tolerantlığın təkrarolunmaz nümunəsi kimi”, Afiq Nadirovun “Dini müxtəliflik çoxmədəniyyətliliyin tərkib hissəsi kimi: Azərbaycanda dini müxtəlifliyin tarixi inkişaf prosesi”, Asif Bayramovun “Qafqaz xalqları və mədəni birliyin multikultural əsasları” mövzusunda məruzələri dinlənilib. 

Seminarda Azərbaycan-Gürcüstan əlaqələrinin qarşılıqlı hörmət və etimada əsaslandığı qeyd olunub. Bildirilib ki, iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafı və daha da möhkəmləndirilməsi məsələsi respublikalarımızın rəhbərlərinin daim diqqət mərkəzində olub.

Akaki Sereteli Dövlət Universitetinin professoru İrine Çaçanidze seminarın təşkilində əməyi keçən hər kəsə, o cümlədən iştirakçılara təşəkkürünü bildirib.