Uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında balet artisti, rejissor işləmiş Xəyyam Kələntərli fevralın 14-də, ömrünün 83-cü ilində vəfat edib.

Xəyyam Kələntərli 1941-ci ildə anadan olub. 1951-1960-cı illərdə Bakı Xoreoqrafiya Məktəbində (indiki Bakı Xoreoqrafiya Akademiyası), daha sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) təhsil alıb.

1960-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında balet artisti kimi fəaliyyətə başlayıb. Əsas işi ilə yanaşı 1973-cü ildə “Həmyaşıd” məktəb-studiyası yaradıb və ömrünün sonunadək ona rəhbərlik edib. Məktəb-studiya Azərbaycanda ilk bal rəqslərinin təşkilatçısı olub.

Xəyyam Kələntərli 1967-1988-ci illərdə indiki BXA-da, 1989-2011-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. 1987-ci ildə “Əmək veteranı” medalı ilə təltif olunub.

30 ilə yaxın Akademik Opera və Balet Teatrında çalışan X. Kələntərli balet artisti kimi fəaliyyətini başa vursa da (1989), repertuarda olan bir çox tamaşalarda (“Yeddi gözəl”də Qarovul rəisi, “Məhəbbət əfsanəsi”ndə Təlxək, “Min bir gecə”də Quldurbaşı, “Don Kixot”da Sanço Pansa və s.) yenə səhnəyə çıxıb.

1994-2012-ci illərdə teatrın balet truppasında repetitor və tamaşaları idarə edən rejissor kimi çalışıb. Truppa ilə Türkiyə, Rusiya, İordaniya, Mərakeş kimi ölkələrdə qastrol səfərlərində olmuş və milli baletimizi müvəffəqiyyətlə təmsil edib.

2004-2005-ci illərdə baş katibi olduğu Azərbaycan İdman Rəqsləri Federasiyasında da səmərəli fəaliyyət göstərib. Onun 70 illik yubileyi ilə əlaqədar olaraq təşkil olunan Xəyyam Kələntərli adına Bal rəqsləri yarışması artıq ənənəyə çevrilib.

Allah rəhmət eləsin.