Bu il Azərbaycan elminin görkəmli nümayəndəsi, AMEA-nın və bir çox beynəlxalq akademiyaların həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayevin anadan olmasının 90, elmi fəaliyyətinin isə 65 illik yubileyidir.

Bu münasibətlə M.F.Axundzadə Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Arif Paşayev” adlı fundamental biblioqrafiya nəşr olunub.

İndiyədək akademik Arif Paşayev haqqında bir neçə biblioqrafiya tərtib olunub. Bu biblioqrafiyaların alimin yaradıcılığını tam əhatə etmədiyi nəzərə alınaraq Milli Kitabxana daha mükəmməl bir fundamental biblioqrafiya hazırlayaraq mütəxəssislərin və oxucuların istifadəsinə təqdim edib. Yeni nəşr olunan biblioqrafiya daha da təkmilləşdirilib, yeni bölmələr və yarımbölmələr əlavə edilib.

1960–2024-cü illərə aid materialları əhatə edən biblioqrafiyada Arif Paşayevin əsərləri – kitabları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş məqalələri, xarici dillərdə çap olunmuş əsərləri, redaktoru olduğu, ön söz yazdığı kitablar, elmi məsləhətçisi, elmi rəhbəri və opponenti olduğu elmi işlər, habelə görkəmli akademikin həyat və yaradıcılığı haqqında materiallar öz əksini tapıb.

Biblioqrafiyada “Arif Paşayev dünya milli kitabxanalarında” və “Arif Paşayev dünya universitetlərinin kitabxanalarında” bölmələrində toplanan sənədlər akademikin elmi irsinin bütün dünyada çox geniş yayılmasının əyani sübutudur.

Qeyd edək ki, vəsaitin tərtibçisi professor, Əməkdar müəllim Xəqani Abdullayev, elmi redaktoru professor, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov, məsləhətçiləri iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Gülnarə Əhmədova, Əməkdar mədəniyyət işçisi Şəmsəddin Axundov, ön sözün müəllifləri isə akademik Nizami Cəfərov və AMEA-nın müxbir üzvü Misir Mərdanovdur.

Biblioqrafiya ilə tanış olmaq istəyənlər https://anl.az/down/Ar2024-76.pdf linkindən istifadə edə bilərlər.

***

Milli Kitabxananın əməkdaşları tərəfindən akademik Arif Paşayevin 90 illik yubileyi münasibətilə virtual və ənənəvi sərgilər də hazırlanıb.

“Akademik Arif Paşayev” adlı virtual sərgidə rəsmi sənədlər, fotolar, dövri mətbuat səhifələrində böyük elm xadimi haqqında dərc edilmiş məqalələr, müəllifi olduğu kitablar və haqqında yazılan kitablar nümayiş olunur. 

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Akademik_Arif_Pasayev/index.htm linkindən istifadə edə bilərlər.

Milli Kitabxanada böyük alimin zəngin elmi yaradıcılığını əks etdirən ənənəvi kitab sərgisi də açılıb. Ənənəvi sərgi bir həftə davam edəcək.