Parisdə “Grand Palais Ephemere”də (Böyük Saray) “Art En Capital 2024” beynəlxalq müasir incəsənət sərgisi açılıb. Sərgidə Azərbaycanın Xalq rəssamı Vidadi Nərimanbəyovun sənətdə davamçısı olan Nigar Nərimanbəyovanın əsərləri də nümayiş olunur.
Artıq üç ildir bu sərgidə iştirak edən N.Nərimanbəyova bu il digər əsərləri ilə bərabər nəvəsinə həsr etdiyi “Tariel – balaca Harri Potter” adlı yeni tablosunu da təqdim edib.
Qeyd edək ki, N.Nərimanbəyova 2016-cı ildə Fransa Milli Mədəniyyət Federasiyası Müstəqil Fransa Rəssamlarının “Payız salonu”nun “Toile D’oR” ali mükafatına layiq görülüb.
“Art En Capital 2024” müasir incəsənət sərgisində nümayiş olunan əsərlər Fransa Rəssamlıq Akademiyasının üzvlərindən ibarət böyük münsiflər heyəti tərəfindən seçilib. Sərgi fevralın 18-dək davam edəcək.