AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı “Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığında dil məsələləri” mövzusunda elmi sessiya keçirilib.
Bu barədə institutdan bildirilib. Elmi sessiyada institutun direktoru professor Nadir Məmmədli bildirib ki, Məhəmməd Əmin Azərbaycanın ictimai fikir tarixində ensiklopedik biliyə malik bir şəxsiyyət olub, onun yaradıcılığında ədəbiyyat, dil, siyasət, mədəniyyətlə bağlı konsepsiyalar öz əksini tapıb. Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi, ədəbi-bədii irsi haqqında müəyyən araşdırmalar aparılsa da, onun dilçilik görüşləri, ədəbi dilimizin inkişafı yolunda göstərdiyi xidmətlər haqqında, demək olar ki, kiçik həcmdə belə yazılar yoxdur.
Professor tədbirin Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil edildiyini vurğulayıb. O bildirib ki, bu Sərəncam Azərbaycan dövlətinin öz keçmişinə hörmət və rəğbətinin ifadəsidir.
Tədbirdə fəxri qonaq kimi çıxış edən Bakı Dövlət Universitetinin professoru Nəsiman Yaqublu bildirib ki, Məhəmməd Əmin təkcə xalqın azadlığı, müstəqilliyi uğrunda deyil, eyni zamanda, Azərbaycan dilinin inkişafı, təmizliyi, tərəqqisi üçün fəal mübarizə aparıb. O, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının 10 müqəddiməsini Azərbaycan dilinə tərcümə edib. Onun söylədiyi nitqlər həmişə mükəmməl və səmimi olardı. Parlamentin 88 iclasında etdiyi çıxışlarda Azərbaycan dilinin gözəlliyi, gücü, əzmkarlığı, kəsəri duyulurdu.
Sessiyada institutun elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli “Məhəmməd Əmin Rəsulzadənin ana dili sevgisi”, şöbə müdirləri İsmayıl Kazımov “Məhəmməd Əmin Rəsulzadə və ədəbi dilimiz”, Nərgiz Hacıyeva “Məhəmməd Əmin Rəsulzadənin publisistikasının dili və üslubu” mövzularında məruzələrlə çıxış ediblər. Məruzəçilər bildiriblər ki, M.Ə.Rəsulzadə dövrün ədəbi dil normalarını israrla məqalə və məktublarında məcburiləşdirir, sabitləşdirir, oxucu kütləsinə təbliğ edir, ədəbi dili xalq dili materiallarına yaxınlaşdırır, əcnəbi ünsürlərə qarşı mübarizə aparırdı. M.Ə.Rəsulzadənin siyasi publisistik dili yaşadığı dövrün bir sıra mətbu orqanlarında “İrşad”, “Yoldaş”, “Tərəqqi” və s. qəzetlərində öz əksini tapıb. Bu qəzetlərdə Azərbaycanın yeni ictimai şəraitinə uyğun söz və termin yaradıcılığı üstünlük təşkil edir. Qeyd olunub ki, M.Ə.Rəsulzadə publisistikasının dili Azərbaycan elmi-publisistik və ictimai-siyasi üslubun mühüm tərkib hissələrindən biridir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.