TÜRKSOY, Özbəkistan Mədəniyyət Nazirliyi və Fərqanə Vilayəti valiliyinin təşkilatçılığı ilə Kokand Dövlət Universitetində “Əlişir Nəvainin elmi irsi” mövzusunda elmi konfrans keçirilib.
Böyük özbək şairi, mütəfəkkiri Əlişir Nəvainin (1441–1501) dünyaya gəlişinin 583-cü ildönümü münasibətilə təşkil olunan konfransda Türk dünyasından nəvaişünas tədqiqatçılar, ziyalılar və tələbələr iştirak ediblər.
Konfransda TÜRKSOY-un baş katibi Sultan Raev, Fərqanə Vilayəti qubernatorunun müavini Xurşid Əhmədov və Kokand Dövlət Universitetinin rektoru Qafurcan Zahidov çıxış ediblər. Sultan Raev bildirib ki, Əlişir Nəvai təkcə özbək ədəbiyyatının və poeziyasının deyil, bütün Türk dünyasının ortaq ədəbi mirasının yaradıcılarından olan qüdrətli söz ustadıdır.
Konfransda Özbəkistan, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyədən alim və tədqiqatçıların çıxışları dinlənilib. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru Almaz Ülvi Binnətova da konfransda məruzə edib.