Xəbər verdiyimiz kimi, fevralın 14-də Heydər Əliyev Mərkəzində qanalı rəssam Kojo Marfonun “Ümid sınağı” (“Crucible of hope”) adlı fərdi sərgisi açılıb. Fevralın 16-da rəssam və onun sərgisinin kuratoru Jan-Davit Malat Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) olublar.
Akademiyanın rektoru Xalq rəssamı, professor Natiq Əliyev, Əməkdar incəsənət xadimi, “Azərxalça” ASC idarə heyətinin sədri Emin Məmmədov, ADRA-nın beynəlxalq əlaqələr üzrə prorektoru Xalq rəssamı, professor Səlhab Məmmədov, elmi və yaradıcılıq işləri üzrə prorektor Xalq rəssamı, professor Fuad Salayev və ümumi işlər üzrə prorektor Hacı Mailzadə qonaqları qarşılayıblar.
Görüşdə rektor Natiq Əliyev Kojo Marfonu Heydər Əliyev Mərkəzində “Ümid sınağı” sərgisinin açılması münasibətilə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.
Kojo Marfo səmimi qarşılanmaya görə rektora öz təşəkkürünü bildirib. Bakıda ilk dəfə olduğunu vurğulayan rəssam burada olmaqdan və sərgisinin açılmasından məmnunluğunu dilə gətirib.
Söhbət zamanı bildirilib ki, avqustda “Ümid sınağı” sərgisinin bağlanış günlərində Heydər Əliyev Mərkəzinin dəstəyi ilə ADRA-nın tələbələri ilə görüşlər keçiriləcək, dünya incəsənəti haqqında diskussiya aparılacaq.
Sonra qonaqlar akademiyanın yaradıcılıq emalatxanaları ilə tanış olub, tələbələrlə görüşüblər.