Fevralın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Əlişir Nəvai və Zahirəddin Məhəmməd Babur” mövzusunda elmi konfrans keçirilib.
Tədbir AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistan Respublikasının Azərbaycanındakı Səfirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələrinin inkişafından danışıb, iki ölkənin tarixi köklərinin, mədəniyyətinin, dilinin, ədəbiyyatının bir-birinə yaxın olduğunu bildirib. O, 10 ildən çoxdur ki, akademiyada Əlişir Nəvai və Zahirəddin Məhəmməd Babur yaradıcılığına həsr olunan birgə silsilə tədbirlərin keçirildiyini, AMEA-da özbək ədəbiyyatı klassiklərinin irsinin geniş tədqiq edildiyini diqqətə çatdırıb.
AMEA prezidenti Baburun dünyaca məşhur “Baburnamə” əsərinin Özbəkistanın dövlətçilik prinsiplərini, dövlətçilik tarixini ədəbiyyat dili ilə ifadə edən nadir əsərlərdən olduğunu diqqətə çatdırıb. O, həmçinin Əlişir Nəvainin “Xəmsə”sinin türk dilində yazılmış ilk “Xəmsə” kimi Türk dünyasına böyük töhfə verdiyini vurğulayıb.
İsa Həbibbəyli ölkə başçısının “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən, bu il ölkəmizdə Füzulinin yubileyinin geniş şəkildə qeyd edildiyini deyib. Əlavə edib ki, Əlişir Nəvaini özünün müəllimi hesab etmiş Məhəmməd Füzuli onun yaradıcılığından ciddi dərəcədə təsirlənmişdi. Əlişir Nəvai təkcə özbək xalqının deyil, Türk dünyasının qüdrətli sənətkarıdır.
AMEA-nın rəhbəri daha sonra 1926-cı ildə azərbaycanlı rəssam Əzim Əzimzadə tərəfindən çəkilən və yaxın günlərdə Əlyazmalar İnstitutunun fondundan tapılan Məhəmməd Füzulinin nadir fotosunu Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetindəki Məhəmməd Füzuli adına Azərbaycan Mədəniyyət Mərkəzinə hədiyyə edib.
Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov son illərdə Əlişir Nəvai və Zahiriddin Məhəmməd Baburun zəngin yaradıcılıq irsinin öyrənilməsi, onların ölməz əsərlərinin ölkəsində və xaricdə təbliği, xatirələrinin əbədiləşdirilməsi istiqamətində bir sıra işlərin görüldüyünü söyləyib.
Səfir Bakı şəhərində Əlişir Nəvainin heykəlinin ucaldılmasını qardaş ölkənin özbək şairinin xatirəsinə ehtiramının ifadəsi olduğunu deyib. Vurğulayıb ki, Nəvainin müəllimi Nizami Gəncəvinin heykəlinin Özbəkistanın paytaxtı Daşkənddə ucaldılması da iki ölkə arasındakı birlik və qardaşlıq əlaqələrinin möhkəmliyindən xəbər verir.
Diplomat Baburun da dünya elminin və incəsənətinin inkişafına təsir edən böyük şəxsiyyətlərdən olduğunu bildirib: “Babur erkən yaşlarından o dövrdə bir sıra ölkələrin hökmdarları ilə sıx hərbi-siyasi əlaqələr yaradıb. Onların arasında Azərbaycan xüsusi yer tutur və “Baburnamə”də Azərbaycanın adı dəfələrlə çəkilir”.
Konfransda AMEA-nın Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli Azərbaycan-Özbəkistan xalqının qədim və zəngin ədəbiyyat ənənələrinə malik olduğunu söyləyib. O, həmçinin Baburla Şah İsmayıl Xətainin münasibətləri barədə məlumat verib.
Sonra Ədəbiyyat İnstitutu Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın “Zahirəddin Məhəmməd Babur yaradıcılığında Əlişir Nəvai izləri” adlı məruzəsi dinlənilib.
Tədbirdə özbəkistanlı alimlərdən – Daşkənd İctimai Elmlər Universitetinin professoru Sultanmurad Alim “Babur – nəvaişünas”, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin baş müəllimi filologiya elmləri doktoru Gülbahar Aşurova “Bir əsrin iki mütəfəkkiri: Nəvai və Babur”, Özbəkistan EA Ədəbiyyat, Dil və Folklor İnstitutunun direktor müavini professor Maqsud Əsədov “Əlişir Nəvai yaradıcılığında “Təb” motivi” və Kokand Dövlət Universitetinin professoru Zeba Qalibova “Siracəddin Səyyidin “Yüz ah Zahirəddin Məhəmməd Babur” dastanı haqqında” mövzusunda məruzələrlə çıxış ediblər.
Həmçinin Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyevanın “Nəvainin fars divanında Nizami Gəncəvi poeziyasının ənənələri”, Füzulişünaslıq sektorunun müdiri filologiya elmləri doktoru Ataəmi Mirzəyevin “Azərbaycan lirik şeirində Nəvai təsirinin təzahür formaları”, Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Yelena Teyerin “Nizami Gəncəvi və Nəvainin “Leyli və Məcnun” poemalarında faciəvi eşq mövzusu: müqayisəli elmi təhlil”, Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Yaşar Qasımbəylinin “Nəvai “Xəmsə”sində bədii çevrilmə” adlı məruzələri dinlənilib.