Tanınmış müğənni, Azərbaycanın və Tacikistanın Xalq artisti Leyla Şəripova 19 fevral 2024-cü il tarixində, ömrünün 94-cü ilində Almaniyanın Düsseldorf şəhərində vəfat edib.
Leyla Rəcəb qızı Şəripova 1930-cu il yanvarın 28-də Bakıda dünyaya göz açıb. Anası azərbaycanlı, atası Türkiyənin İzmir şəhərindən olub.
L.Şəripova bir müddət Sədrəddin Əyni adına Tacikistan Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. 1978-ci ildə Bakıya köçən müğənni 1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin aparıcı solisti işləyib.
O, Yevgeni Jıvayevin rəhbərliyi ilə Özbəkistan Televiziya və Radiosu Xalq çalğı alətləri ansamblı, Adil Bağırovun rəhbərliyi ilə “Xatirə” xalq çalğı alətləri ansamblı və Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan ulduzu" instrumental ansamblının müşayiəti ilə silsilə çıxışlar edib.
L.Şəripovanın repertuarında türk, əfqan, Azərbaycan, türkmən, ərəb, fars, özbək və ispan mahnıları yer alıb.
Müğənni bəstəkar kimi də fəaliyyət göstərib, şeirlər yazıb. O həm də müəllifi olduğu “Qara gözlər” və “Badam çiçəyi” fars mahnıları şöhrət qazanıb.
Xalq artisti 1988-ci ildən Almaniyanın Düsseldorf şəhərində yaşayırdı.
Allah rəhmət eləsin.