Bədəlbəylilər soyunun tanınmış nümayəndələrindən olan alim, kimya elmləri doktoru, professor, Əməkdar müəllim Telman Ağdamski 19 fevral 2024-cü il tarixində, ömrünün 88-ci ilində vəfat edib.

Telman Ağdamski 6 avqust 1936-cı ildə Ağdaşda görkəmli aktyor, opera müğənnisi və pedaqoq Əhməd Ağdamskinin (Bədəlbəyli) ailəsində anadan olub. Üzeyir Hacıbəylinin xalası oğludur. Əhməd Ağdamskinin Ağdaş şəhər Musiqi məktəbində pedaqoji fəaliyyətə başlaması ilə əlaqədar ailəsi bu rayona köçmüşdü.

Telman Ağdamski 1943–1953-cü illərdə Ağdaş rayonunda orta məktəbdə, 1953–1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsində təhsil alıb. Tələbə olarkən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlayıb. 1958-ci ildə təhsilini başa vurub aspiranturaya daxil olub. 1965-ci ildə “Dehidrogenləşmə və polimerləşmə reaksiyalarında xrom-alüminium katalizatorunda nadir torpaq elementlərinin və əlaqələndiricilərin tədqiqi” mövzusunda namizədlik (fəlsəfə doktorluğu) dissertasiyası müdafiə edib. Bir müddət institutda elmi işçi kimi fəaliyyət göstərdikdən sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində Analitik və fiziki kimya kafedrasında dosent, Kimya fakültəsinin dekanı vəzifələrində işləyib. 1992-ci ildə kimya elmləri doktoru alimlik dərəcəsi alıb. Fiziki kimya ixtisası üzrə professor olub. 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Telman Ağdamski eyni zamanda mədəniyyətimizin təəssübkeşi kimi tanınırdı. Mədəniyyət ocaqlarında, xüsusilə muzeylərdə keçirilən tədbirlərdə mütəmadi olaraq iştirak edir, Qarabağın, Şuşanın mədəniyyətimizə bəxş etdiyi Bədəlbəylilər, Hacıbəylilər soylarının görkəmli simaları haqqında xatirələrini bölüşərdi.

Allah rəhmət eləsin.