Heydər Əliyev Sarayının yeni layihəsi

 

Heydər Əliyev Sarayı “Ulduzlu axşamlar” adlı silsilə konsertlərdən ibarət yeni layihəsini təqdim edir.

Layihə çərçivəsində ilk konsert martın 16-da keçiriləcək. “Arif Babayevin muğam dünyası” adlı konsertdə tanınmış xanəndələr və Arif Babayevin tələbələri ustadın repertuarına müraciət edəcəklər.

Gecədə Xalq artistləri Mələkxanım Əyyubova, Zabit Nəbizadə, Əməkdar artistlər Almaz Orucova, Zakir Əliyev, Gülüstan Əliyeva, Cabir Abdullayev, Nuriyyə Hüseynova, Firuz Səxavət, Elnarə Abdullayeva, Ehtiram Hüseynov, Könül Kərimova, Sevinc Sarıyeva, Babək Niftəliyev, Fərqanə Qasımova, Elnur Zeynalov və xanəndə Vüqar Əliyev çıxış edəcəklər.

Layihənin ikinci proqramı isə “Hisslərin sözlə ifadəsi” (7 aprel) adlı qiraət axşamıdır. Dirijor, Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi altında Niyazi adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Xalq şairi Ramiz Rövşənin şeirləri qiraət olunacaq. Gecədə Xalq artistləri Mehriban Zəki, Məmmədsəfa Qasımov, Əməkdar artistlər Elşən Rüstəmov, aktrisalar Zemfira Əbdülsəmədova, Sabirə Abdullayeva və bədii qiraətçi Xəzər Süleymanlı söz ustadının yaradıcılıq nümunələrini səsləndirəcəklər.

Aprelin 10-da gerçəkləşəcək “Bir müəllifin axşamı” adlı konsertdə isə müasir estradamızın ulduzları iştirak edəcək. Gecədə Xalq artistləri Azər Zeynalov, Aygün Kazımova, Ənvər Sadıqov, Zülfiyyə Xanbabayeva, Röya, Əməkdar artistlər Xəyyam Nisanov, Emil Əfrasiyab, Eldar Məmmədov, müğənnilər Murad Arif, Elnarə Xəlilova, Natəvan Həbibi, İradə İbrahimova, Rüstəm Zeynallı, ifaçı Teymur Abdullayev və “Aypara” qrupu çıxış edəcək.

Lalə Azəri